Təhsil sahəsində də uşaqlar və yeniyetmələrin sosial mediadan istifadəsinin qarşısının alınması istiqamətində müəyyən tədbirlər həyata keçirilir.
Bizimyol.info xəbər verir ki, bunu bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
“Hazırda məktəblərdə TikTok platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir”, - nazir müavini qeyd edib”.
O əlavə edib ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur: “Bir tərəfdən, sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, aqressiya və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstəyin əldə olunmasına kömək edir və müxtəlif qrupların öz fikirlərini ifadə etməsinə şərait yaradır”.
Sadəcə TikTok, yoxsa digər sosial şəbəkələrə də giriş bloklanıb?
Yaranan sualla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Hazırda ölkənin ümumtəhsil müəssisələrində şagirdlər onlayn süzgəcləmə imkanları sayəsində internetdən tam təhlükəsiz qaydada istifadə edirlər. Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış sistemlərində müxtəlif dillərdə onlarla kateqoriya üzrə zərərli informasiyanın axtarışı məhdudlaşdırılır və təhsilalanların arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsi təmin olunur. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmlənməsinə xidmət edir”.
Günel Həsənova, Bizimyol.info






