İran ABŞ ilə münaqişənin nizamlanmasına dair 14 bənddən ibarət memorandum dərc edib.
Bizimyol.info xəbər verir ki, sənədi yayan "Mehr" agentliyi bu barədə məlumat verib.
Memoranduma əsasən aşağıdakı müddəalar razılaşdırılıb:
- 30 gün ərzində dəniz blokadasının aradan qaldırılması və ABŞ qüvvələrinin İranla həmsərhəd zonalardan çıxarılması;
- ABŞ və onun müttəfiqləri razılaşmaya uyğun olaraq İranın bərpası üçün ən azı 300 milyard dollar həcmində plan təqdim etməlidirlər;
- İran nefti və neft məhsullarının satışına tətbiq olunan sanksiyaların dayandırılması;
- İran və ABŞ-ın 60 gün ərzində nüvə məsələsi üzrə danışıqlar apararaq yekunda razılaşma imzalaması;
- 12 milyard dolların dondurulmuş aktivlərdən azad edilməsi, blokadanın ləğvi və neft sanksiyalarının dayandırılması İranın nüvə danışıqları üçün əsas şərtləri kimi göstərilib.
Mehr agentliyinin məlumatına görə, İranın raket proqramı və regiondakı “müqavimət oxu” qüvvələrinə dəstək məsələləri memorandumun mətninə daxil edilməyib. Sənəddə qeyd olunur ki, “İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələləri gündəlikdən tamamilə çıxarılıb”.
ABŞ Prezidenti Donald Trump iyunun 11-də Ağ evdə jurnalistlərə bildirib ki, İranla bağlı yekun razılaşmanın bəzi müddəaları danışıqlarda iştirak edən bütün tərəflərlə razılaşdırılıb. Bununla belə, onun sözlərinə görə, saziş imzalanana qədər ABŞ qüvvələri İranın dəniz blokadasını davam etdirəcək.
Tramp həmçinin "Truth Social" platformasında yazıb ki, “yekun müddəalar prinsip etibarilə və bütün detalları ilə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər iştirakçı dövlətlər tərəfindən təsdiqlənib”.
Qadir, Bizimyol.info






