Əlli il bundan əvvəl mən kənddə uşaq idim; kənddə yaşayırdıq - kənddəki kimi yaşayırdıq. İyirmi beş il bundan əvvəl isə mən şəhərdə bir yazıçıdan müsahibə götürmüşdüm. Yazıçı da mənim kimi Qarabağın kəndindən Bakıya gəlmiş, Bakıda yaşayan keçmiş uşaq idi - Seyran Səxavət.
Daha iyirmi beş il sonra isə mən də kəndin yolunu "itirmiş" kəndsiz "şəhərli" yazıçı olmuşdum. Amma müsahibə aldığım Seyran Səxavət ola bilməmişdim...
Bax, həmin o söhbətdə yazıçı mənə demişdi: "Dədə, dünyanın paytaxtı kənddir..."
Bilmirəm, deyəsən, ya sualda, ya cavabda Viktor Hüqonu xatırlamışdıq: "Dahilər kənddə doğulur, şəhərdə ölür".
Bu metaforanın müəllifliyi adətən Hüqoya aid edilir, amma heç o da dəqiq deyil. Hər halda maraqlı fikirdir. Seyran Səxavətin də dediyi: "Dünyanın paytaxtı kənddir" deyimi Hüqonun söylədiyi (ya da onun adına çıxılan) metaforadan qidalanıb və "qanadlanıb".
Ancaq Seyran Səxavət "Dünyanın paytaxtı" adlandırdığı kəndə "Nekroloq" yazıb. Romanda çox təsirli bir təhkiyə var: kənd məktəbinin "bədən tərbiyəsi müəllimi" məktəbin "arıq-uruq, sınıq-salxaq" şagirdlərini hər gün kəndin çıxışına piyada aparır, bir də geri qaytarıb gətirir.
Nədən ötrü?!
Ondan ötrü: kəndin yolları itməsin. Gələn, gedən yoxdu deyə, kəndin yolları da "ölür". Kənd müəllimi və uşaqlar hər gün yolu ayaqlayıb, ayıldır, ölməyə qoymur...
Hüqonun dediyi o dahilər kənddən gedib şəhərdə öldüyünə görə, "Nekroloq"dakı kənd də romanda "ölür", ya da "ölüm ayağındadır"...
İndi ölkə rəhbəri İlham Əliyev də şəhərdən kəndə qayıdış çağırışı edib.
Bu, sadəcə, çağırış da deyil, özə dönüş proqramıdır: "Biz... elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır".
Prezidentdən kənd müəlliminə qədər hər kəs bir gerçəyin də fərqindədir: kəndin işığı söndüyü gün şəhərin qaranlığı başlayar...
Şəhərdən kəndə qayıdış, doğrudur, dünyanın çox ölkəsində artıq çoxdan başlanmış prosesdir - hətta ABŞ-da da, Avropa ölkələrində də, hər yerdə bu tendensiya var.
Kəndə, yəni özə dönüş həm kəndi, həm şəhəri xilas etməyim tək doğru yoludur. Azərbaycanda ölkənin birinci şəxsinin dilindən səslənmiş bu cümlə heç də, sadəcə, bitmiş bir fikri ifadə etmir, başlanacaq bir fikri - tarixin gələcəyini ifadə edir.
Kəndə dönüş çağırışı, daha doğrusu, kəndə dönüş üçün zəmin yaradılması haqqında Prezident tapşırığı təkcə aqrar inkişafın dövlət proqramı deyil. Bu, maraqlı, birləşdirici milli ideyadır.
Bəli, kənddə yaşamaq üçün bütün gərəkli şərtlər olmasa, şəhərdən geriyə köç olmayacaq. Ona görə Prezident şəhərlə kəndin arasındakı fərqlərin azaldılmasından danışır. Kənddə yaşamaqdan, kənddəki şəhər rahatlığını yaşamaqdan söhbət gedir, şəhərlə kəndin fərqlərinin silinməsindən yox.
Dövlətin bu məsələyə həssaslığı boşuna deyil; əvvəl də yazmışdıq: kənd yığışıb bütünlüklə şəhərə köçəndə kənd özü də yoxa çıxır, müəyyən mənada elə şəhər də. Çünki şəhər dönüb özü boyda kənd olanda öz şəhərliyindən də olur. "Bu boyda" kənddə isə yaşamaq mümkünsüzləşir. Kənd şəhərə köçdükcə, şəhərin ürəyi də sıxılır, nəfəsi də daralır...
Bu, şəhərlə kəndi qarşı-qarşıya qoymaq deyil, hərəsini öz yerinə, özü kimi ola bildiyi yerə qoymaqdır.
...Kənddə doğulan dahilər niyə şəhərdə ölsün ki?! Elə doğulduqları yerdə yaşayıb yaşlansalar yaxşı olmazmı?!
Şəhərlinin şəhərdəki kimi, kəndlinin kənddəki kimi yaşaması hər ikisinə özünü, məncə, daha xoşbəxt hiss etdirər.
Bu, o demək deyil ki, kənddən şəhərə və ya əksinə heç kəs getməməldir.
Yox, bu, doğru olmaz. Ancaq hər kəsin hər yerdən axıb, bir nöqtəyə toplaşması ölkənin də tarazlığını pozur - bir tərəfinə düşən aşırı ağırlıqdan ölkə "aşa" bilər. Belə bir təhlükə var.
Gördüyünüz kimi, kəndi kənd olaraq yaşatmaq təhlükəsizlik məsələsidir. O cümlədən, ərzaq təhlükəsizliyi məsələsi.
Prezident də aqrar müşavirədə deyib ki, biz "özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin etməliyik".
Bu, kiçik bir məsələ deyil, böyük, durmadan da böyüyən strateji hədəfdir.
Dünyanı təkcə susuzluq təhdid etmir, həm də aclıq ehtimalı qorxudur. Planetin dörd bir yanında gedən müharibələr də, münaqişələr də bu təhdidləri körükləyir. Qaniçənlərin su içənlərə qarşı savaşıdır bu.
Ona görə də hər bir ölkənin qarşısında duran əsas çağırışlar sırasında su ehtiyatlarını qorumaq və artırmaq, eləcə də, təbii ki, öz ərzaq təhlükəsizliyini təmin etmək də var. Bunların əsasında isə kənd dayanır.
Dövlət də fərqindədir: kəndi itirsək, hər şeyi itirə bilərik... Bu, heç də təhlükənin miqyasını qəsdən şişirtmə deyil, uydurulmuş fəlakət ssenarisi də deyil. "Dünyanın paytaxtı" "vəfat" etsə, dünyanın "əyaləti" də süqut edər - Dünyada dünyalıq qalmaz.
Odur ki, mən də ölkə rəhbərinin çağırışına qoşulmağa çağırıram. Elə özüm də qoşuluram...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





