Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qərarına əsasən, bundan sonra yeni tikilən, əsaslı təmir edilən və ya yenidən qurulan binalarda əlilliyi olan şəxslərin maneəsiz hərəkəti təmin olunmalıdır. Qaydalar giriş-çıxışlardan tutmuş təxliyə yollarına, xidmət məntəqələrinə, iş yerlərinə və informasiya sistemlərinə qədər bütün sahələri əhatə edir. Həmçinin infrastruktur obyektlərinin universal dizayn prinsiplərinə uyğun layihələndirilməsi tələb olunur.
Yeni qərarın təqdimatı saytımızın “TikTok” səhifəsində yayımlanıb. Əlilliyi olan şəxslər üçün nəqliyyat xidmətlərinin pulsuz olmasını bir sıra vətəndaşlar şərhlərdə qeyd ediblər.
- Əlilliyi olan şəxslər üçün avtobuslardan istifadənin pulsuz olması necə təmin edilməlidir?
Yaranan sualla bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bütün avtobuslar əlilliyi olan şəxslərin rahat və maneəsiz istifadəsi üçün zəruri infrastrukturla təchiz olunub: “Qeyd etdiyiniz məsələ – əlilliyi olan şəxslərə tətbiq olunan güzəştlərin, o cümlədən ictimai nəqliyyatdan pulsuz istifadə qaydalarının müəyyən edilməsi və tənzimlənməsi müvafiq qanunvericilik aktları ilə həyata keçirilir. Bu istiqamətdə “BakuBus” MMC-nin hər hansı qərarvermə və ya güzəşt tətbiqi səlahiyyəti mövcud deyil.
Bununla yanaşı, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar əlilliyi olan şəxslərin rahat və maneəsiz istifadəsi üçün zəruri infrastrukturla təchiz olunub. Avtobuslarda panduslar, xüsusi ayrılmış yerlər və digər əlçatanlıq imkanları mövcuddur ki, bu da fiziki məhdudiyyətli sərnişinlərin nəqliyyatdan təhlükəsiz şəkildə istifadə etməsinə şərait yaradır”.
Qurum həmçinin əlavə edib: “Eyni zamanda, sürücülər mütəmadi olaraq əlilliyi olan şəxslərin avtobuslardan istifadə zamanı onlara dəstək göstərilməsi, davranış qaydaları və xidmət keyfiyyəti ilə bağlı xüsusi təlimlərdən keçirilir. Bundan əlavə, operativ idarəetmə çərçivəsində bu istiqamətdə nəzarət gücləndirilir və müvafiq hallarda sürücülərə SMS bildirişlər vasitəsilə xatırlatmalar və xəbərdarlıqlar göndərilir”.
Günel Həsənova, Bizimyol.info






