ABŞ Nümayəndələr Palatası Çinin Qafqaz üzərində təsirinə qarşı mübarizə məqsədi daşıyan H.R. 7668 saylı qanun layihəsini təsdiqləyib.
Sənəddə Gürcüstanda Rusiya və Çin kəşfiyyat resursları və təsir şəbəkələri ilə bağlı hesabatların hazırlanması nəzərdə tutulur.
Eyni zamanda Moskva ilə Pekin arasında əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və ABŞ-nin Tbilisi ilə gələcək strategiyasının formalaşdırılması tələb olunur.
- Bu təşəbbüs Qafqazda geosiyasi rəqabəti daha da gücləndirə bilərmi?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, ABŞ-ın qəbul etdiyi 7668 saylı qanun layihəsinin mahiyyətinə nəzər saldıqda diqqəti cəlb edən əsas məqamlardan biri məhz üç ölkənin – Gürcüstan, Rusiya və Çinin ön plana çıxarılmasıdır.
Onun sözlərinə görə, Rusiya və Çin ABŞ tərəfindən əsas rəqib və ya təhdid mənbələri kimi qiymətləndirilirsə, Gürcüstanın bu siyahıda yer alması son illərdə Vaşinqtonun Tbilisi üzərindəki təsir imkanlarının zəifləməsi ilə bağlıdır. Politoloq hesab edir ki, məhz bu səbəbdən hər üç ölkə qanun layihəsində xüsusi diqqət mərkəzinə çevrilib.
Samir Hümbətovun fikrincə, son dövrlərdə ABŞ ilə Azərbaycan, Ermənistan arasında enerji tərəfdaşlığı sahəsində əldə olunan razılaşmalar, Gürcüstan istiqamətində müəyyən boşluqların yaranması, eləcə də Tbilisinin Qərbdən daha çox Rusiyaya yaxınlaşması və Çinlə əməkdaşlığa üstünlük verməsi Amerikanın diqqətindən kənarda qalmayıb.
“Amerika konkret olaraq Gürcüstanla, rəsmi Tbilisi ilə bu istiqamətdə yenidən işləmək istəyir. Böyük ehtimalla Vaşinqtonun əsas hədəfi Cənubi Qafqazda, xüsusilə Gürcüstan üzərindən Rusiya və Çinin mövqelərinin möhkəmlənməsinin qarşısını almaqdır. Buna görə də Gürcüstanı Rusiya və Çinə yaxınlaşmaqdan uzaqlaşdıraraq daha çox Qərbə, xüsusilə də ABŞ-a istiqamətləndirmək imkanlarını sınamağa çalışacaq”, – deyə politoloq vurğulayıb.
Politoloq hesab edir ki, ABŞ-ın bu istiqamətdə atacağı addımlarda Azərbaycanın dəstəyinə ehtiyac yarana bilər. Onun fikrincə, Cənubi Qafqazın ən güclü dövlətlərindən biri olan Azərbaycanın mövqeyi həm Gürcüstan, həm də Ermənistanla bağlı məsələlərdə nəzərə alına bilər.
“Son dövrlərdə ABŞ-da ekspert dairələrində də bu fikirlərin daha çox səsləndirilməsi göstərir ki, Vaşinqton qeyd olunan məsələlərə xüsusi diqqət ayırır”, – deyə Samir Hümbətov əlavə edib.
İradə Cəlil, Bizimyol.info






