Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Belarusdan “müəyyən kompensasiya” tələb oluna bilər.
Diplomat bu məsələni mürəkkəb adlandıraraq, reparasiya məsələsinin Belarusun müharibə sonrası statusundan asılı olacağını qeyd edib.
O, həmçinin hazırda iki ölkə arasında ciddi informasiya gərginliyinin mövcud olduğunu vurğulayıb.
Belarusun “şərik təcavüzkar” kimi təqdim olunması beynəlxalq hüquqda hansı nəticələrə səbəb ola bilər?
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya–Ukrayna müharibəsi fonunda Belarusun Rusiyaya müəyyən qədər dəstək göstərməsi və Belarus ərazisindən Ukraynanın şəhərlərinin atəşə tutulması bu ölkənin hüquqi məsuliyyət məsələsini gündəmə gətirir.
Onun sözlərinə görə, Belarus mütləq şəkildə buna görə Ukraynaya kompensasiya verməlidir və gələcəkdə Belarusda hansı hakimiyyətin formalaşmasından asılı olmayaraq, dövlət məsuliyyəti məsələsi gündəmdə qalmalıdır.
Politoloq hesab edir ki, Belarus–Ukrayna münasibətlərinin normallaşması birbaşa Rusiya–Ukrayna arasında münasibətlərin tənzimlənməsindən və atəşkəsdən asılı olacaq. Lakin hazırkı şəraitdə Ukraynanın Belarusla münasibətləri yüksək səviyyədə qurması real görünmür.
O əlavə edib ki, Belarusdan Ukraynaya qarşı yenidən hərbi təhlükə yarana bilər cəbhə açıla bilər. Çünki Aleksandr Lukaşenkonun Ukrayna ilə bağlı bəyanatları da narahatlıq doğuran əsas məqamlardandır.
Bu səbəbdən tərəflər arasında yaxın perspektivdə münasibətlərin yaxşılaşması mümkün görünmür.
“Belarus təcavüzdə iştirak edən tərəf kimi qiymətləndirilir və buna görə də mütləq şəkildə hüquqi məsuliyyət daşımalıdır”, – deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






