Son illərdə bir çox ölkələrdə olduğu kimi, Türkiyədə də iqtisadiyyatla bağlı müzakirələrin mərkəzində inflyasiya, alıcılıq qabiliyyətinin azalması və orta sinfin zəifləməsi dayanır. İqtisadi çətinliklərin uzun müddət davam etməsi adi bazar prosesləri ilə deyil, iqtisadi siyasətin xarakteri ilə əlaqələndirilə bilər. Bu yanaşmaya görə, iqtisadiyyatda baş verən proseslər təsadüfi deyil, müəyyən siyasi və iqtisadi prioritetlərin nəticəsidir.
- Məhz bu şəraitdə əsas sual ortaya çıxır: uzunmüddətli iqtisadi çətinliklər idarə olunan siyasətin nəticəsidir, yoxsa dünya iqtisadiyyatında baş verən struktur dəyişikliklərin təzahürüdür?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, klassik iqtisadi nəzəriyyəyə görə, bazar iqtisadiyyatı müəyyən dövrlərlə inkişaf edir. İqtisadi yüksəliş, durğunluq və bərpa mərhələləri iqtisadi sistemin təbii xüsusiyyətlərindən hesab olunur.
“Tarix göstərir ki, iqtisadi böhranların böyük hissəsi müəyyən müddətdən sonra bərpa prosesi ilə əvəzlənib. Lakin son onillikdə dünya iqtisadiyyatında müşahidə olunan proseslər ənənəvi iqtisadi dövrlərdən müəyyən qədər fərqlənir. 2008-ci il qlobal maliyyə böhranından sonra iqtisadiyyatlar tam bərpa olunmamış pandemiya baş verdi, pandemiyanın nəticələri aradan qalxmadan geosiyasi qarşıdurmalar, enerji böhranı və beynəlxalq ticarət sistemində parçalanma meyilləri meydana çıxdı. Bu səbəbdən bir çox ölkələrdə iqtisadi qeyri-müəyyənlik uzunmüddətli xarakter almağa başladı”, – deyən iqtisadçının fikrincə, ən diqqətçəkən nəticələrdən biri orta sinfin mövqeyinin zəifləməsidir. XX əsrin ikinci yarısında orta sinif iqtisadi inkişafın əsas dayağı hesab olunurdu. Bu təbəqə həm istehlak bazarının əsas hissəsini formalaşdırır, həm sahibkarlığın inkişafına töhfə verir, həm də sosial və siyasi sabitliyin təminatçısı kimi çıxış edirdi. Son illərdə isə bir çox ölkələrdə gəlirlərin artım tempi ilə yaşayış xərclərinin artım tempi arasında fərq yaranıb. Mənzil qiymətlərinin yüksəlməsi, təhsil və səhiyyə xidmətlərinin bahalaşması, inflyasiya və əmək bazarındakı dəyişikliklər orta gəlirli əhalinin iqtisadi imkanlarını məhdudlaşdırmağa başlayıb.
Əli Səlimovun sözlərinə görə, Türkiyə nümunəsinə baxsaq, daha aydın görərik ki, son illərdə yüksək inflyasiya əhalinin real gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Maaş və gəlirlər nominal olaraq artsa da, qiymətlərin daha sürətlə yüksəlməsi nəticəsində vətəndaşların alıcılıq qabiliyyəti zəifləyib. Xüsusilə sabit gəlirli təbəqələr bu prosesdən daha çox təsirləniblər. Bunun nəticəsində uzun illər ərzində formalaşmış orta sinfin bir hissəsi daha aşağı gəlir qruplarına yaxınlaşmağa başlayıb.
Onun fikrincə, lakin bu vəziyyəti yalnız milli iqtisadi siyasətlə izah etmək kifayət deyil. Son illərdə beynəlxalq iqtisadi sistemdə baş verən dəyişikliklər də orta sinif üzərində ciddi təsir göstərib. Qloballaşmanın yeni mərhələsi istehsalın daha ucuz əmək bazarlarına köçürülməsinə səbəb olub. Rəqəmsallaşma və avtomatlaşdırma bir sıra peşələrə olan tələbi azaldıb. Süni intellekt texnologiyalarının sürətli inkişafı isə gələcəkdə əmək bazarında daha ciddi struktur dəyişiklikləri vəd edir. Nəticədə orta gəlirli peşələrin bir hissəsi ya yox olur, ya da gəlirlilik baxımından əvvəlki mövqeyini itirir.
“Bu proses təkcə Türkiyəyə xas deyil. ABŞ, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələrdə də orta sinfin gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparmaq olar. XXI əsrin əsas iqtisadi problemlərindən biri artıq iqtisadi artımın sürəti deyil, həmin artımın necə bölüşdürülməsidir. Başqa sözlə, ölkə iqtisadiyyatı böyüyə bilər, lakin əgər bu böyümənin faydaları cəmiyyətin geniş təbəqələrinə çatmırsa, sosial rifah və iqtisadi sabitlik baxımından problemlər yaranmağa davam edəcək”, – deyən iqtisadçı vurğulayıb ki, məhz bu da son illərdə gəlir bölgüsü məsələsini yenidən iqtisadi siyasətin əsas mövzularından birinə çevirib. Bir çox ölkələrdə hökumətlər sosial müdafiə mexanizmlərini gücləndirməyə, minimum əməkhaqqını artırmağa və vergi sistemini daha balanslı etməyə çalışırlar. Məqsəd iqtisadi artımla sosial rifah arasında daha sağlam tarazlıq yaratmaqdır.
Başqa bir tərəfdən, iqtisadiyyatın qəsdən böhran şəraitində saxlanıldığı ilə bağlı iddialara ehtiyatla yanaşmaq lazımdır. İqtisadi sistemlər son dərəcə mürəkkəb strukturlardır və onların nəticələrini yalnız bir amillə izah etmək mümkün deyil. Pul-kredit siyasəti, fiskal qərarlar, beynəlxalq bazarlardakı dəyişikliklər, enerji qiymətləri, investisiya axınları və geosiyasi risklər iqtisadi proseslərə eyni vaxtda təsir göstərir. Buna görə də uzunmüddətli iqtisadi çətinliklər adətən bir neçə faktorun birgə təsiri nəticəsində formalaşır.
“Bununla belə, bir həqiqət aydındır: müasir iqtisadiyyatların qarşısında duran əsas çağırışlardan biri orta sinfin qorunmasıdır. Tarixi təcrübə onu göstərir ki, güclü orta sinfə malik ölkələr daha dayanıqlı iqtisadi inkişaf nümayiş etdirir, sosial sabitliyi daha yaxşı qoruyur və siyasi baxımdan daha davamlı olurlar. Əksinə, gəlir bərabərsizliyinin dərinləşdiyi və orta sinfin zəiflədiyi cəmiyyətlərdə iqtisadi və sosial risklər artır”, – deyən iqtisadçı qeyd edib ki, uzunmüddətli iqtisadi çətinliklərə yalnız böhran və ya yalnız siyasət prizmasından baxmaq kifayət deyil. Bu proseslər beynəlxalq iqtisadi transformasiya, milli iqtisadi siyasət və struktur dəyişikliklərin qarşılıqlı təsiri nəticəsində formalaşır.
İradə Cəlil, Bizimyol.info






