İngiltərə kralı III Çarlz Yeni il ərəfəsində xalqa mesajında "digital detox" ifadəsi işlətmişdi. Yəni "rəqəmsal detoks".
Rəqəmsal bilirik nədir. İngiliscədəki "detox" sözünün isə Azərbaycan türkcəsində bir neçə qarşılığı var. "Təmizlənmək", "fasilə vermək", "uzaqlaşmaq"... Bir sözlə, rəqəmsal dünyadan bir az uzaq durmaq. Hərdən, ara-sıra.
Çünki rəqəmsal dünyadan tam qopmaq, biryolluq ayrılmaq mümkündürmü?! Yox, təbii ki. Sən ondan əl çəksən də, o səndən əl çəkməz. Deməli, biz rəqəmsal həyata məcburuq, hətta məhkumuq. Ancaq hərdən kontent "pəhrizi" saxlamağa dəyər. Buna bəlkə "informasiya orucu" da demək olar.
Həkimlər də əksər hallarda pasiyentlərə zəruri hallarda pəhriz saxlamağı məsləhət görür, elə deyilmi?
Bir də...Hamı olmasa da, çox insan ilin müəyyən dövrlərində oruc tutur. Bu, təkcə İslamın inanc imperativi deyil, başqa din kültürlərində, məişət mədəniyyətlərində "qida detoksu" ta qədimdən var. Əslində bunu dinin məcbuetmə sisteminə qəsdən daxil ediblər. Allah qorxsu ilə adamın özünü elə özündən qorumağa yönəlib bu ibadət. Siz VII əsrdə Ərəbistanda bütpərəst cahil bədəvinin məişətindəki ifratı göz önünə gətirin. Hələ də az tələbata qarşı çox qida qəbul etmək vərdişlərindən əl çəkməyiblər. Oruc tutmaq da ona görə dinin əsas tələblərindən biri hesab olunub: heç olmasa, ildə bir dəfə insan öz bədənini təmizləsin. Bütün toksinlərdən arınsın, yenilənsin. Buna bəlkə də "fizioloji güncəllənmə" də demək olar. Mənəvi fəlsəfəsi də var: ac qalıb, acın halından anlamaq və sair kimi.
Toksinlər təkcə bədəndə olmur. Ağlı, zehni, ruhu zəhərləyən toksinlər də var. Bu toksinlərə qarşı ən dayanıqsız olanlar da uşaqlardır.
Biz millət olaraq uşaqlara qarşı çox düşkünük. Sevirik, qoruyuruq. Sevirik deyə qoruyuruq, elə deyilmi?! Qidasına, gigiyenasına, hər şeyə, hər şeyə ayrıca diqqət edirik.
İndi sual olunur: biz uşaqların fiziki sağlamlığına qarşı belə vasvasılıq ediriksə, o halda övladlarımızın mənəvi salamatlığına biganə qala bilərikmi?!
Təbii ki, xeyr.
Kral III Çarlz hamıya müraciət eləmişdi; yetkin insanları heç olnasa bir müddət sosial mediadan, rəqəmsal platformalardan uzaq durmağa çağırmışdı.
Təsəvvür edin: böyükləri belə rəqəmsal asılılıqdan qorumağa çalışan yüksək bəşəri ağıl uşaqları toksik kontent dolu platformalardan uzaq tutmalı deyilmi?!
Sual ritorikdir; "yox" deyəcək kimsə yox! Bunu sosioloji tədqiqatlar da göstərir: böyüklərin mütləq əksəriyyəti uşaqları zərərli məzmundan uzaq tutmağın tərəfdarıdır. Məşhur jurnalistin də dediyi kimi, sosial şəbəkələr "uşaqlarımızı əlimizdən alır". Yəni ənənəvi müharibələr torpaqların işğalını hədəfləyirdisə, rəqəmsal "rəqabət" beyinləri, şüurları ələ keçirmək üstündə gedir. Bir sözlə, "rəqəmsal işğal" təhlükəsi daha realdır. Əgər virtual kontent öz əkdiyi-doğduğu uşağı ata-ananın əlindən alıb, özü bildiyi kimi böyüdürsə, bu, artıq gələcəyimizə böyük təhdidir.
Azərbaycan da bu çağırışa, bu təhdidə cavab verməkdədir; bir sıra qanunlara dəyişiklik hazırlanıb, Milli Məclisə təklif olunub. Bunlar İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informas Uşaqların zərərli kontentlərə əlçatanlığı məhdudlaşdırılır. Cəmiyyətdə bu məsələyə yanaşma - münasibət də əsas götürülür. Sosioloji tədqiqatların nəticələrinə görə, rəyi soruşulan valideynlərin 90,5 faizi bu qanunvericilik təşəbbüsünə dəstək verir.
Cəmiyyət bu məhdudlaşdırmalara müsbət yanaşırsa, burda başqa nə demək olar?! Həm məsələ, sadəcə, uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması kimi deyil, onların toksik kontentlərdən - zərərli informasiyalardan qorunması kimi qoyulur. Bundan başqa dünyanın, demək olar, bütün qabaqcıl ölkələrində belə qanunlar qəbul olunub, önləyici mexanizmlər qurulub, işləyir. Belə baxanda Azərbaycan hələ bu məsələdə bir qədər gecikib.
Ancaq, əlbəttə, çətinliklər olacaq. Dünyanın ən inkişaf etmiş ölkələrində belə bu qanunlar mükəmməl və mexanizmlər tam işlək deyil. Bu, yeni bir vəziyyətdir; onu necə idarə etməyi hələ Dünya indi-indi öyrənir. Qüsurlar, çatışmazlıqlar, boşluqlar da var hətta bu ad altında sosial medianı nəzarət altına salmaq meylləri də istisna deyil. Ancaq yol ona görə yoldur ki, enişi də, yoxuşu da, əyrisi də, düzü də olur. Bunlardan qaçış yoxdur. Əsas odur, çatmaq istədiyin hədəf doğru olsun.
Konkret halda isə məsələ yeni nəsillərin şüurunu və təhtəlşüurunu informasiya intervensiyasından və kontent zəhərlənməsindən qorumaq kimi qoyulub. Bu da çox ciddi, mühüm məqsəddir.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info





