Hava limanlarında sərnişin sıxlığı artdıqca itirilən əşyalarla bağlı müraciətlər də çoxalır. Səyahət zamanı unudulan və ya itirilən şəxsi əşyalar sərnişinlərin ən çox qarşılaşdığı problemlərdən biridir. Aeroportlarda itirilmiş əşyalar məsələsi sərnişinlər üçün həm narahatlıq, həm də əlavə stress yaradır. Gün ərzində minlərlə sərnişinin istifadə etdiyi hava limanlarında əşyaların itirilməsi halları qaçılmaz olur.
- Aeroportda ən çox hansı əşyalar itirilir və bununla bağlı müraciətlər necə edilir?
- İtirilmiş əşyaların tapılması prosesi necə həyata keçirilir?
Bu barədə Bizimyol.info xəbər portalına Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova bildirib ki, əşyalarını itirən sərnşinlər ilk növbədə hava limanında yerləşən informasiya məntəqəsinə müraciət edə bilərlər: “Məlumat üçün bildiririk ki, hava limanında daha çox unudulan əşyalar əsasən şəxsi istifadə predmetləri və aksesuarlardır. Bunlara müxtəlif növ kəmərlər, üst geyimləri, papaqlar, təkərli çamadanlar, şərflər, optik və gün eynəkləri, qarışıq aksesuarlar, qol saatları və boyunluq yastıqlar daxildir.
Sərnişinlər əşyalarını itirdikdə ilk növbədə hava limanında yerləşən informasiya məntəqəsinə müraciət edə bilərlər. İnformasiya əməkdaşı itirilmiş əşya ilə bağlı məlumatı qəbul edir və sərnişini itirilmiş əşyaların saxlanma mərkəzinə yönləndirir”.
Nərmin Xəlilova əlavə edib: “İtirilmiş əşyaların tapılması prosesi sərnişinin təqdim etdiyi məlumat əsasında həyata keçirilir. Sərnişin əşyanı təsvir edir, mümkün olduqda fotoşəklini təqdim edir. Əgər söhbət telefon və digər elektron avadanlıqlardan gedirsə, həmin əşyanın identifikasiyası üçün əlavə məlumat, o cümlədən giriş kodu kimi təsdiqləyici məlumat tələb oluna bilər. Əşya saxlanma mərkəzində mövcud olduqda, müvafiq dəqiqləşdirmədən sonra sahibinə təhvil verilir”.
Günel Həsənova, Bizimyol.info






