Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çimərlikdə faciələrin qarşısını necə almaq olar? – Təhlükəsizlik ekspertindən vacib açıqlama
Çimərlikdə faciələrin qarşısını necə almaq olar? – Təhlükəsizlik ekspertindən vacib açıqlama

Azərbaycanda çimərlik mövsümü hər il iyunun 15-dən etibarən başlayır. Bu tarixdən artıq çimərliyə gedənlərin sayı getdikcə çoxalır.

Bizimyol.info xəbər verir ki, iyunun 15-dən ölkə üzrə bütün rəsmi çimərliklər vətəndaşların və turistlərin istifadəsinə verilir. Hava şəraitindən asılı olaraq, ümumilikdə çimərlik istirahəti iyunun əvvəllərindən sentyabrın əvvəlinədək davam edir.

  • Vətəndaşlar öz təhlükəsizliyini təmin etmək üçün hansı qaydalara əməl etməlidir?
  • Ən çox rast gəlinən təhlükəsizlik riskləri hansılardır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan təhlükəsizllik eksperti Orxan Musayev bildirib ki, dəniz istirahəti tez və qəfil şəkildə insan həyatı üçün təhlükə yarada bilər: “Çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir, yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə qalırlar. Dəniz istirahəti insanların ən çox maraq göstərdiyi istirahət növlərindən biri hesab olunur. Lakin bu gözəllik çox tez və qəfil şəkildə insan həyatı üçün təhlükə də yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərini unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək hələ də adi hal kimi davam edir”.

Orxan Musayev deyib: “İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur və hər hansı fövqəladə hal baş verərsə, çevik müdaxilə etmək imkanları olur.

Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığı üçün hər hansı fövqəladə vəziyyət zamanı insan həyatını xilas etmək çox çətin, bəzən isə mümkün olmur. Nəzarət olunan çimərliklərdə həmçinin suyun dərinlik dərəcəsi müəyyən edilir, ayaq altında insanlara xəsarət yetirə biləcək daşlar, daş qırıntıları və qayalar təmizlənmiş olur.

Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ucbatından özlərini itirə bilərlər”.

Orxan Musayev həmçinin vurğulayıb: “Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir. Yəni insanlar təkcə “dalğa var, üzmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməli, bu dalğaların insan orqanizminə təsirini də bilməlidirlər. Axına düşdükdə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslərin getdiyini öyrənməlidirlər.

Çimərliklərdə qaydalar pozulduqda, məsələn, qadağan olunmuş ərazilərdə çimmək və ya alkoqol qəbul edib suya girmək kimi hallarda həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməlidir ki, insanlar bu davranışlardan çəkinsinlər”.

Orxan Musayev əlavə edib: “Boğulma hadisələrinin çoxu saniyələr içində, səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar çox vaxt qışqıra bilmir və suyun altında itir. Hər il baş verən faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir ki, bu yanaşmadan qurtulmalıyıq”.

Günel Həsənova. Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »