Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Nəsirli: “Təhlükəsizliklə müştərinin öz vəsaitinə sərbəst çıxışı arasında balans qorunmalıdır”
Akif Nəsirli: “Təhlükəsizliklə müştərinin öz vəsaitinə sərbəst çıxışı arasında balans qorunmalıdır”

Son zamanlar bank müştəriləri kartların tez-tez bloklanmasından şikayət edirlər. Uzun müddət karta məhdudiyyət qoyulması müştərilərin haqlı narazılığına səbəb olur. Xaricdən hər hansı müdaxilə olduqda və ya pul köçürməsi daxil olduqda bank bunu təhlükə olaraq gördüyü üçün avtomatik bloklayır. Bizimyol.info xəbər verir ki, bu məhdudiyyət bəzən 1 aya qədər davam edir. Nəticədə vətəndaş öz vəsaitinin sahibi olduğu halda həmin puldan istifadə edə bilmir.

  • Hər əməliyyata görə kartların bloklanması nə dərəcədə düzgündür və bunun alternativ həll yolu varmı?
  • Vətəndaşların vəsaitə çıxışını sürətləndirmək üçün bank sistemində hansı islahatlar lazımdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli kartın tam bloklanması və məhdudiyyətlərin bir aya qədər davam etməsini ciddi problem yaratdığını bildirib: “Bankların kartları və hesabları şübhəli əməliyyatlara qarşı qorumaq üçün bloklaması müəyyən hallarda zəruridir. Kiberhücumlar, dələduzluq cəhdləri və qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınması bankların əsas öhdəliklərindən biridir. Lakin hər bir qeyri-adi əməliyyata görə kartın tam bloklanması və məhdudiyyətin həftələrlə, hətta bir aya qədər davam etməsi müştəri hüquqları baxımından ciddi problemlər yaradır.

Mütəxəssislərin fikrincə, risklərin idarə olunmasında daha çevik yanaşma tətbiq edilməlidir. Məsələn, bank kartını tam bloklamaq əvəzinə yalnız riskli hesab edilən əməliyyatı müvəqqəti dayandıra və ya müştəridən əlavə təsdiq tələb edə bilər. Mobil tətbiq, SMS və ya zəng vasitəsilə sürətli identifikasiya aparılarsa, vətəndaş öz vəsaitindən istifadəyə davam edə bilər”.

Akif Nəsirli həmçinin deyib: “Vətəndaşların vəsaitinə çıxışının gecikməsini azaltmaq üçün bank sistemində bir sıra islahatlara ehtiyac olduğu bildirilir. Risk qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi, süni intellekt əsaslı monitorinq mexanizmlərinin tətbiqi, müştərinin əməliyyat tarixçəsinin nəzərə alınması və bloklamaların araşdırılması üçün daha qısa müddətlərin müəyyən edilməsi bu sahədə vəziyyəti yaxşılaşdıra bilər. Eyni zamanda, bankların müştərilərə məhdudiyyətin səbəbi və aradan qaldırılma müddəti barədə daha şəffaf məlumat verməsi də narazılıqların azalmasına kömək edər”.

Akif Nəsirli əlavə edib: “Hesab edirik ki, təhlükəsizliklə müştərinin öz vəsaitinə sərbəst çıxışı arasında balans qorunmalıdır. Çünki vətəndaşın qanuni vəsaitindən uzun müddət istifadə edə bilməməsi həm maliyyə çətinlikləri yaradır, həm də bank sisteminə olan etimadı zəiflədir. Belə hallarla qarşılaşdıqda bankın özünə və Mərkəzi Banka şikayət etmək lazımdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »