Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahəddin Həzi: "Ənənədən tamam qopsaq, yönümüzü itirərik"
Bahəddin Həzi: "Ənənədən tamam qopsaq, yönümüzü itirərik"

"Xəbər istehsalının sürətlənməsi jurnalistikanın əsas funksiyalarını, araşdırma aparmaq, təhlil vermək, tənqidi yanaşmalar ortaya qoymaq, ictimai əhəmiyyət daşıyan problemləri gündəmə gətirmək və ictimai maraqları qorumaq kimi vəzifələri müəyyən qədər kölgədə qoya bilir. Peşəkar jurnalistika yalnız operativlik və xəbər bolluğu ilə qiymətləndirilməməlidir. Peşəkar jurnalistika həm də keyfiyyət, etibarlılıq, araşdırma, obyektivlik və ictimai məsuliyyət deməkdir. Bu gün sürətli informasiya axını və texnoloji transformasiya şəraitində müəllif yanaşmalarının, fərdi üslubun, yaradıcılığın və dil zənginliyinin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki inkişaf etdirilməsi vacib olan əsas dəyər yaradıcı düşüncədir. Yaradıcı düşüncə isə peşəkar jurnalistikanın əsas sütunlarından biridir".

Bu fikirləri Milli Məclisin deputatı, əməkdar jurnalist, tanınmış şair, publisist Elçin Mirzəbəyli parlamentin bu günkü plenar iclasındakı çıxışı zamanı deyib.

Milli Məclis bu gün "Dövlət qulluğu haqqında"," Media haqqında" qanunlara dəyişiklikləri ilk oxunuşda müzakirə edib. Müzakirələr zamanı Elçin Mirzəbəyli müasir texnoloji inkişaf səviyyəsində xəbər bolluğunun bir çox hallarda yan təsirlərindən də danışıb.

Bu fikirləri bizimyol.info saytına şərh edən əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzi "tamamilə doğru yanaşma" adlandırıb.

O deyib: "Həmkarımız Elçin Mirzəbəylinin fikirləri tamamilə doğru yanaşmadır. Onu deyim ki, media siyasətinə rəhbərik edən şəxslərin də, Medianın İnkişafı Agentliyinin rəhbərlərindən də oxşar, hətta eyni mövqe eşitmişəm. Düşüncə istiqaməti düzdür.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov da bu yaxınlarda media orqanlarının rəhbərləri ilə görüşündə janr müxtəlifliyinin, araşdırma, təhlil materiallarının artırılması zərurətindən danışmışdı. Elçin bəy də bu məsələ ilə bağlı öz şəxsi təhlilinə əsaslanan çıxış edib, maraqlı və dəyərli təkliflər verib. Deməli, doğru fikrin yolu birdir".

Bahəddin Həzi deyib ki, xəbərçiliyə ifrat aludəçilik mediada janr müxtəlifliyinə zərbə vurur: "Mediada janr müxtəlifliyi təbiətdəki biomüxtəliflik, cəmiyyətdəki fikir plüralizmi kimi çox önəmlidir. Hazırda media özəl xəbər marağına görə zamanla yarışır. Əslində isə zaman medianın rəqibi yox, müttəfiqi olmalıdır. Rəqabətin əsas prinsipi hansı xəbərisə kimdənsə daha tez yaymaq yox, saniyələrə görə önə çıxmaq yox, başqalarından daha yaxşı məzmun, daha maraqlı ifadə tərzi, daha orjinal yaradıcılıq üslubu yaratmaqdır. Daha sürətli deyil, daha cürətli qələm olmaqdır. Təkcə operativlik deyil, həm də və daha çox obyektivlik, dolğunluq ön planda olmalıdır deyə düşünürəm".

Bahəddin Həzi həmçinin deyib ki, media subyektlərinə "selektiv yanaşma" da yaxşı olar: "Elə media resursları var, orda analitik, publisistik potensial üstündür, araşdırma xətti öndədir, elə resurs var, xəbər, reportaj janrlarında daha uğurlu ola bilər. Bu prinsip əsasında işləmək, məncə, faydalı olar. Necə ki, çap mediasından gözlənti bir cür, rəqəmsal platformalardan ayrı cür, audiovizualb subyektlərdən isə tam başqadır".

Bahəddin Həzinin sözlərinə görə, bəzən insanlara elə gəlir ki, texnoloji tərəqqi hər şeyi həll edəcək, amma əslində keçmiş yaradıcı təcrübədən qopmaq çox təhlükəlidir.

"Çap mediası imza yaradır, televiziya sima yaradır. Ancaq media o zaman məhv olar ki, mətbuat imzasız, televiziya simasız qala. Elçin Mirzəbəyli "yaradıcı düşüncə" ifadəsi işlədib. Doğru ifadə edib. Media yaradıcı başlanğıcı - yaradıcı düşüncəni itirəndə, öz əzəli və əsl yolunu, yönünü itirir, yalan-doğru xəbər bolluğunda, sensasiya qovğalarında, məzmunsuzluğun burulğanında məhv olub gedir", -deyə Bahəddin Həzi bildirib.

Əməkdar jurnalist mediada varisliyin, ənənələrin çox önəmli olduğunu da deyir: " Bu günlərdə bir alim dostum indiki dövrdəki qlobal prosesləri şərh edərkən belə bir ifadə işlətdi: "Bəşəriyyətin başı daşa dəyəndə ayılacaq". Bunu mediaya və informasiya texnologiyalarına aid etsək, müasir trendlər, texnoloji təfəkkür bəşəriyyətin başını daşa vurana qədər uğurla inkişaf edəcək. Artıq başı bizdən əvvəl daşa dəyənlər də var; texnologiya dövlətlərinin özlərində - Amerikada, Yaponiyada, eləcə də, Çində qəzetlərin tirajı yüksəlir. Britaniyada kral III Çarlz öz cəmiyyətinə "rəqəmsal detoks" - sosial şəbəkələrdən uzaq durmaq çağırışı edir. İsveç təhsil sistemi şagirdləri rəqəmsal platformalardan kitaba, dəftər-qələmə geri qaytarır. Qərb toplumlarında virtial sosiallaşmadan pauza götürmək dəbə minir. Bütöv icmalar "flesh news" orucuna oturur. Dediyim kimi, qəzetə, kitaba dönüş sürətlənir. Çünki qəzetin, kitabın məhvi bəşəriyyətin çox böyük səhvi olardı. Kağız daşıyıcılar təkcə informasiya, bilik, fikir daşımır, həm də ənənə, yaddaş daşıyır. İnsanların ənənədən əli üzülsə, toplum yaddaşımızı itirsək, öz yönümüzü seçmək, yolumuzu getmək çətin olacaq".

Bahəddin Həzi sonda deyib: "Bütün bu məsələlərin düzgün istiqamətdə həlli sahəsində yeni yaradılacaq qurumdan - Media və Yayım Şurasından çox şey gözləyirəm. Yeni qurumun da cəmiyyətə və mediaya açıq olacağına, faydalı təcrübəyə əsaslanmaqla mediaya yaradıcı düşüncə və yaradıcılıq azadlığı gətirəcəyinə çox ümid edirəm".

İradə Cəlil, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »