Dəri yanığı baş verdikdə, təcili müdaxilə vacibdir. Xüsusilə, ikinci dərəcəli və daha yuxarı dərəcəli yanıqlarda dərhal müalicə dərinin daha da zədələnməsinin qarşısını alır. Bəzən xalq arasında müxtəlif vasitələrin yanmış yerə vurulması tövsiyyə edilir. Ancaq yaraya düşə biləcək infeksiyanın qarşısının alınması üçün bəzi tövsiyyə edilən köməkçi vasitələrdən uzaq olmaq lazımdır.
Yanıqları müalicə etmək əvəzinə, yanıqlara kömək etdiyi düşünülən, lakin vəziyyəti daha da pisləşdirə biləcək məhsullardan uzaq durmalısınız:
Kərə yağı
Kərə yağının yanıq müalicəsi kimi effektivliyini dəstəkləyən heç bir dəlil yoxdur. Bundan əlavə, o, yanıqlarınızı daha da pisləşdirə bilər. Kərə yağı istiliyi saxlayır, həmçinin yanmış dərini yoluxdura biləcək zərərli bakteriyaları saxlaya bilər.
Yağlar
Hindistan cevizi yağı tez-tez yanıqlar üçün tövsiyə olunsa da, əslində zeytun yağı, yemək yağları və oxşar yağlar kimi istiliyi saxlayır. Lavanda yağının yanıqların sağalmasına kömək etdiyi bildirilir, lakin bu iddianı dəstəkləyən az dəlil var. Məsələn, siçovullar üzərində aparılan bir araşdırmada yanıqların sağalması üçün lavanda yağından istifadənin heç bir faydası olmadığı aşkar edilmişdir.
Yumurta ağı
Başqa bir xalq inancına görə, çiy yumurta ağı yanıqlar üçün yaxşıdır. Bununla belə, yumurta ağı bakterial infeksiya riski daşıyır və yanıqlara tətbiq edilməməlidir. Yumurta həmçinin allergik reaksiyalara səbəb ola bilər.
Diş məcunu
Heç vaxt yanıqlara diş məcunu sürtməyin. Diş məcunu yanığı qıcıqlandıra və infeksiya üçün daha əlverişli mühit yarada bilər. Diş məcunu həmçinin steril deyil.
Buz
Buz və çox soyuq su yanıq nahiyənizi daha da qıcıqlandıra bilər. Buz səhv istifadə edildikdə hətta donmaya səbəb ola bilər.
Dəri yanığı baş verdikdə evdə edilə bilən ilk yardım prosedurlarını bilmək vacibdir. Yanıq zamanı hansı vasitələrin istifadə edilməyəcəyini də bilmək lazımdır. Çünki səhv etmək daha pis nəticəyə səbəb ola bilər.
İradə Cəlil, Bizimyol.info






