Hekayə
25 yanvar 1985
O ilin qışı son bir neçə ilin ən sərt qışı idi. Aralıqlarla yağan qar insanın çöldə bir neçə dəqiqə artıq qalmasına imkan vermirdi. Küçədə tək-tük adam var idi. Bunlardan biri də rahib Josep idi.
Əlindəki kürək ilə qarları güclü bir şəkildə kənara itələyən rahib o gün özünü çox narahat hiss edirdi. Yatağından saatlar öncə qalxmışdı, lakin içindəki boğucu hava boğazına tıxalı qalmış kimi arabir nəfəsini kəsirdi.
Normalda yaşadıqlarına baxmayaraq, çox səssiz birisi idi. Üzündə daim anlayışlı kiçik bir gülümsəməsi ilə, asta səs tonu ilə tanınan rahib insanların dərdlərini dinləyər, günahlarından boğulduqları anda kömək istəyənlərə yol yoldaşı olardı. Onlara “İncil”dən misallar çəkər, yanlış yola girdikləri anda Tanrının onları izlədiyini, daim yanlarında olduğunu vurğulayaraq anlayış və bir o qədər səmimiyyətlə çiyinlərini sığallayardı.
Anasından qalan bir vərdiş idi. Dərdi olanın çiynini sığallamaq onun yükünün bir qismini havaya uçurtmaq idi onun gözündə. Bəlkə də ona görə bu hərəkəti hər edəndə qəlbindəki darıxma duyğusu zəncir olub boğazını düyümləyirdi.
- "Rahib Josep, bayaqdan sizi axtarırdım."
Arxadan gələn səslə diksindiyi üçün əlindəki kürək bir anlığına qarların içinə düşmüşdü. Dərin fikir içində olduğu üçün yanına gələn rahib Leonu görməmişdi. Bu da öz fikirlərində nə qədər boğulduğunu göstərirdi.
- Üzr istəyirəm. Sizi qorxutmaq istəməmişdim.
Üzündəki narahatçılıqla yerdəki kürəyi qaldıran rahib Leon diqqətlə onun üzünə baxırdı.
- Yaxşısınız? Su gətirim sizin üçün?
Rahib Josep içində boğulduğu keçmiş xatirələrin xarabalığından ayrılarkən üzündəki anlayışlı gülümsəmə ilə başını yellədi: "Ehtiyac yoxdur. Yaxşıyam. Sizi də qorxutdum deyəsən. Üzr istəyirəm, bir an fikrə dalmışdım, gəldiyinizi görmədim."
- Xeyr, xeyr. Mən yaxşıyam, sadəcə uzaqdan çox fikirli görünürdünüz. Sizi qorxudacağımı bilsəydim uzaqdan səslənərdim. Açığı sizdən bir şey xahiş edəcəkdim. Amma deyəsən yaxşı deyilsiniz.
Rahib Leon dərin gülüşü və bir az da uşaq ruhu ilə digər rahiblərdən həmişə seçilərdi. Ailəsinin israrı ilə kilsədə rahib olmaq üçün ilk başda dərs alanda heç xoşbəxt deyildi. Həmişə yazar olmaq istədiyini açıqca deməkdən çəkinməz, yeri gəldikdə cəsarəti ilə digər uşaqların deyə bilmədiklərini o hər zaman deyərdi. Zaman keçib yaşı artdıqca çılğın ruhu bir qədər sakitləşmiş, artıq rahib olacağını qəbullanaraq yazar olmaq istəyini içində boş bir sandıqda gizləmişdi. Lakin, arada hələ də bir şeylər yazdığını görən rahib Josep heç nə deməyərək yanından uzaqlaşardı. Çünki birilərinin keçmiş yarasına toxunmaqdan həmişə qorxan biri olmuşdu.
- Buyurun, nə istəyəcəkdiniz?
- Yaxşı deyilsiniz, mən öz…
- Mən yaxşıyam. Edə biləcəyim bir şeydirsə, köməklik etməyə hazıram.
Rahib Leon tərəddüdlə bir neçə saniyə rahib Josepin üzünə baxmış, sonra qəbullanaraq "Günah çıxartmaq üçün birisi gəlib." - dedi və narahatçılıqla alnını qaşıdı. Birilərdən bir şey istəyəndə adət aldığı bir hal idi alnını qaşıması. İllərdir tərk etmədiyi bu xasiyyəti rahib Josepi güldürərkən başını salladı. "Sənin növbəndir, amma gedəsi bir yerin olduğu üçün mənim sənin yerinə girməmi istəyirsən?"
Cümləsini tamamladığı an rahib Leon gülümsəyərək əlini ürəyinin üzərinə qoyub "Danışmadan məni anlayan can dostum" - demişdi. Yaşı neçə olursa olsun, uşaqlığı heç vaxt onu tərk etməmişdi — bu, rahib Josepin ölən uşaqlığına hər zaman incinmişcəsinə bir şillə çəkirdi. Kaş mən də belə qala biləydim, deyərdi öz-özünə, amma keçmişin qara izləri onun uşaqlığını bir gün içərisində öldürdüyü üçün bunun mümkün olmadığını özü də çox yaxşı bilirdi.
- "Gedə bilərsən, işim olmadığı üçün səni əvəzləyə bilərəm."
***
Taxta kabinin bir bölməsində oturan rahib Josep burnuna dolan köhnə taxta və ərimiş şamın iyini içinə çəkmişdi. İllərini bu taxta kabinlər içərisində keçirmişdi. Bir zamanlar özünün kabinin digər tərəfində oturub ağladığı günü ilan kimi zehnində ordan-ora sürünürkən dərin bir şəkildə içini çəkmişdi. Xatirələr dərin bir okean idi onun zehnində. Sonsuzluğu olmayan, şiddətli və bir o qədər də qorxuducu idi. Zaman isə o okeanın ətəyində ona gələn girdablı bir dalğa idi. Vicdanı olmadan onun ruhunu bir göz qırpımında özü ilə yuyub aparan, amma izlərini onda qoyan sükutin səsi idi.
İçindəki səs gələn sürtünmə səsi ilə bölünərkən baxışlarını əllərindən ayıraraq bölmənin digər tərəfinə çevirdi. Arada olan taxta pərdədən çox az bir şey görünürdü. İçərisi zifiri qaranlıq deyildi, lakin işıq çox az idi. Günahkarın peşmanlıqla dolu üzünü bu pərdədən heç kim görə bilmirdi. O duyğu sadəcə günahkarın dilindən tökülən sözlərlə bəlli olurdu. Kimisi doğrudan böyük əzabla gəlir, kimisi isə birilərinin zorlaması ilə gəlib yolunda getməyən işlərinin səbəbini vaxtilə etdiyi günaha bağlayaraq güclə də olsa, bağışlanmasını istəyirdi.
- "Diz çökə bilmədiyim üçün məni bağışlayın. Ayaqlarım tutmur, ona görə əlil arabası ilə gəlmək məcburiyyətində idim."
Bölmənin digər tərəfindən eşidilən xırıltılı səs rahibin zehnində bir anlıq ilişib qalmışdı. Bir yerdən tanış gələn bu səs diksinməsinə səbəb olsa da, anında özünü toparlayaraq "Üzr istəməyinizə ehtiyac yoxdur. Tanrı bağışlayandır. Sizi dinləyirəm" - demişdi səsini hər zamanki kimi səmimi tutaraq.
Bir dəqiqə, iki dəqiqə, üç dəqiqə…
Neçə belə dəqiqə keçdi, rahib Josep bilmirdi, lakin qarşısındakı adamın öz içərisində dərin bir müharibə yaşadığını anlaya bilirdi. Bura gələn insanların çoxu günahlarını səsli şəkildə etiraf etməkdən həmişə qorxardılar. Çünki anlayışsızlıqla qarşılaşmaq, günahlarından daha çox qorxudardı onları. Onlar Tanrının hər zaman bağışlayacağı düşüncəsi ilə son qalan ümidləri ilə gələn insanlar idilər. Görməkdən qorxduqları anlayışsızlıq isə o an Tanrının onları tərk etməsinə bərabər idi.
- 30 il bundan öncə çox böyük bir günah işlədim. Buraya gəlmək, bunları səsli şəkildə etiraf etmək üçün cəsarətimi toplamaq 15 ilimi aldı, lakin artıq içimdə saxlamaq istəmirəm.
Səsindəki dərin kədər rahibin başının astaca sallanmasına səbəb olmuşdu. Doğrudan, peşman idi. Bunu bir neçə kəliməsindən anlamaq mümkün olurdu.
- Bu qədər ildən sonra cəsarətinizi toplayıb buraya gəlməniz içinizdəki əzabın nə qədər böyük olduğunu göstərir. Tanrı hər zaman bağışlayandır. Əsas odur ki, peşmanlığımız həmişə səmimi qəlbdən olsun. İndi sizi dinləyirəm.
”Bəzən bu peşmanlığın heç bir şeyi geri gətirməyəcəyini düşünmək özümü öldürmək istəməyimə səbəb olur. Lakin illərdir oxuduğum “İncil”də ümidi kəsməyin Tanrının mərhəmətinə inanmamaq kimi qəbul edildiyi yazılır və mən son nəfəsimə qədər Tanrının mərhəmətinə möhtac bir qulam."- demiş və öskürməyə başlamışdı.
Yenə bir neçə dəqiqə dayanmış, sonra burnunu çəkərək "30 il öncə bir ailənin 3 üzvünü öldürdüm" demişdi. Səsi sanki daha da azalırdı. "O zamanlar ətrafımda dost deyə yaxın bildiyim insanların bir gün həyatımı məhv edəcəklərini bilmirdim. Bilsəydim, onları əsla tanımazdım. 17 yaşın gətirdiyi dumanlı anlar o zamanlar üçün mənim üçün böyük əyləncə idi. Hər gün edilən əyləncələr, durmadan içilən alkoqollu içkilər və arabir qəbul edilən maddələr gəncliyin bir parçası idi. Ailəm bir yerdən sonra mənimlə baş çıxara bilmədiyindən məni tamamilə görməzdən gəlməyə başlamışdı. Mən də bundan istifadə edərək evə getmir, hər gün birinin evində sabahlayırdım. Və lənət olsun o gün həyatıma vurduğum ən böyük damğa olmuşdu." Ağladığı üçün getdikcə boğulan səsi rahibin nəfəsini tutmasına səbəb olmuşdu. Keçmişi film lenti kimi gözünün önündə canlanarkən günahkar dərin bir nəfəs çəkdi içinə.
"O gün böyük miqdarda maddə qəbul etmişdik. Digər içdiklərimizdən daha ağır idi və bir yerdən sonra özümüzü tamamilə itirmiş, evdən çıxaraq marağımızı çəkən ilk evə girərək biraz əylənmək istəmişdik. Əyləncə anlayışımız o gün sadəcə girib ailəni biraz qorxutmaq idi. Lakin qapını açan qadın evinə zorla girməyə çalışan 3 axmağı görüb qışqırmağa başlayanda bir anda əlim cibimdəki bıçağa getdi və bir göz qırpımında qadına ard-arda 5 bıçaq zərbəsi vurmuşdum."
İndi durmadan ağlayan adam əlil arabasının dəmirlərinə vurarkən "Qadının yerə düşməsi ilə otaqdan qaçaraq gələn adam üzərimə hücum çəkmişdi" - deyəndə əlini daha güclü vurdu dəmirlərə. "Digər dost dediyim adamlar yerdə qanlar içində yatan qadını görüb çoxdan qaçdıqları üçün tək qalmışdım. Tək qalmanın qorxusu ilə əlimdəki bıçağı bu dəfə adamın ürəyinə bir neçə dəfə soxub çıxartmışdım. Qollarımın arasından sürüşüb düşəndə evin balaca qızı qışqıraraq ayağımı təpikləyirdi."
O an otağa dolan səssizlik bir bomba idi. Hər şeyi parçalamışdı. Geriyə qalan tək şey o iki adam idi.
"Bəlkə də özümü bağışlaya bilmədiyim ən böyük an balaca qızın qarın boşluğuna vurduğum zərbələr idi. Hörüklü saçlarının qana bulanması bir saniyə belə gözümün önündən çəkilməyib. Bir yandan çox qorxurdum, bir yandan da maddənin verdiyi adrenalinin təsiri ilə hər şeyi parçalamaq istəyirdim. Çünki o an günahkar mən yox, qışqıraraq bunları etməyimə səbəb olan qadın idi. O qışqırmasaydı, bunların heç biri olmayacaqdı. Elə oradaca yerdəki qadının qollarından tutub silkələyərək “sənə görə oldu” deməyimin səbəbi bu idi. Öz günahımı başqasının ölmüş bədəninə damğalamaq."
Dəhşətli ailə faciəsi demişdilər bunun üçün. Qəzetlər o gecəni bir sözlə təsvir etmişdi: Dəhşətli. Ailə faciəsinə sığdırmışdılar olanları. Məhv olan uşaqlıq, məhv olan xatirələr, dağılan bir ailə.
Sadəcə 5 yaşı var idi. Qorxunu, dəhşəti, çarəsizliyi bir arada hiss etdiyi ilk an idi. Uşaq ruhu bədəni ilə birlikdə o divarın ardında qalmışdı o gecə.
"O an etdiklərimi tam olaraq anlamırdım, amma başımı qaldırıb divarın bir küncündən mənə baxan balaca oğlanı görmək qanımdakı maddəni bir anda yox etmiş kimi idi. Əlimdəki bıçaq yerə düşəndə uşağın gözlərindəki o qorxu qəlbimə bıçaq soxulmuş kimi geriyə addımlamama səbəb olmuşdu. Bir an belə düşünmədən arxamı dönüb qaçmağa başlamışdım. Çünki ilk dəfə o yaşda bir uşağın gözlərində o ifadəni görmüşdüm. O an gözlərimə baxan gözlər uşağın deyil, vicdanımın gözləri idi.”
Dəhşətli demişdilər o an üçün. Dəhşətli bir an. 30 il- o da belə düşünmüşdü. Ta ki bu günə qədər. Dəhşət o an gözünün önündə öldürülən ailəsi deyil, ailəsinin qatilinin ondan bağışlanmasını istəməsi idi. Bu an idi rahib Josepin ən dəhşətli anı. 5 yaşında ailəsi məhv olan balaca uşağın böyüyüb keçmişi unutmaq üçün rahib olmaq istəməsi bu gün onun ən böyük imtahanı olmuşdu.
"Özüm təslim olmuşdum. Dostlarım dediyim adamlar bütün günahı mənim üstümə atmış, bir il həbs cəzası almışdılar. Yaşım 18-dən az olduğu üçün çox cəza verilməmişdi, lakin ortada məhv olan bir ailə olduğu üçün hakimlərin qərarı ilə 15 il cəza verdilər. Zaman orada bir ilbizin hərəkəti qədər yavaş keçirdi. Zamanla içimdəki vicdan elə bir dağ olmuşdu ki, hər gecə durmadan çığıraraq ağlamağa başlamışdım. Zaman keçmirdi, amma yükün ağırlığı hər gün bir ton daha artırdı. Orada məni “İncil” ilə tanışdıran o adam yükümü silməmişdi, amma üzərinə incə bir təbəqə çəkməyimə köməklik etmişdi. O 15 ildə edə bildiyim hər işi o həbsxanada etmişdim. 15 ilin sonunda həbsxanadan çıxmış birinə verilə biləcək tək iş olan usta kimi işləməyə başladım. Bu 15 ildə isə “İncil”i bir gün belə cibindən çıxarmadım. Hər gün bir bəhanə ilə bura gəlməyi təxirə saldım, lakin sonunda ayağım daşa ilişib ikinci mərtəbədən düşdüm, ayaqlarımı itirdim və bu gün nəhayət, bura gələ bildim. İndi siz deyin rahib, Tanrı bu iyrənc günahkarı bağışlaya biləcəkmi?" Bəs məni özüm bağışlaya biləcəyəmmi?
O an zehnində səslənən bu sözlərlə birlikdə yanağına axan göz yaşları görünüşünü bulanıqlaşdırdı. Ya valideynləri və bacısı öldürülən bir uşaq olaraq taxta kabin ardına keçib onu o arabadan sürükləyərək yoldan keçən bir maşının altına atmalı, ya da sırf bu günahı etməmək üçün illərini verdiyi bu kilsənin rahibi olaraq ona istədiyi cavabı verib içindəki səsi boğmalı mı idi?
“İncil”də 7 böyük günah olaraq qürur, xəsislik, şəhvət, qəzəb, oburluq, həsəd və tənbəllik yazılmışdır. O günahlardan olan qəzəb bütün bədənini alov kimi yandırarkən ağladığı üçün səsi çıxmasın deyə əlini ağzına basdırmışdı. İçində fırtınalar qopurdu. Nə etməli idi axı? O adam 5 yaşındakı balaca oğlanın o olduğunu bilmədən bura gəlmişdi. Ona inanaraq gəlmişdi. Nə etməli idi?
Tanrı onu necə bir sınağa çəkirdi axı? Tanrı insana çəkə biləcəyindən ağır dərd verməzdi, amma indi yaşadığı nə idi bəs? Rahiblik tərəfi anası kimi çiynini sığallayırdı o an, amma gözlərinin önündən getməyən, yerdə cansız yatan ailəsinə olan bağlılıq vicdanına ağır gəlirdi.
"Mən bağışlanacaq biriyəmmi, rahib? O balaca uşağı tapmaq istədim. Onun önündə diz çöküb üzr istəmək, hətta məni öldürsə belə, heç nə etməyəcəyimi demək istədim. Lakin sonradan məhv etdiyim həyatını daha da məhv edərəm-deyə onu axtarmaqdan imtina etdim. İndi siz deyin, rahib, Tanrı bu qulunu bir gün bağışlayacaqmı? O uşaq bir gün məni unudacaqmı?"
Dəqiqələr keçdi. Nə adam danışdı, nə də içindəki fırtınada boğulan rahib. Bəlkə də buna görə keçmiş keçmiş olaraq qalmalı idi. Keçmişin boğazına atılan bir tor misali bu günə çəkib gətirilməməli idi.
- Tanrı bağışlayar..." rahib, nəhayət, cılız səslə dedi. Amma bəzən ən çətin bağışlayan Tanrı deyil — özümüzük. O balaca uşağın sizi bağışlayıb-bağışlamayacağını sizə yalan deyərək cavablandıra bilmərəm, lakin Tanrı saf qəlbdən gələn hər peşmanlığı bağışlayandır. Ona görə adı Tanrıdır. Təkdir və gücü buna yetən ondan başqası yoxdur.
Bu kilsə divarlarında keçirdiyi illəri qazanmışdı. Uşaqlığını məhv edən, ailəsini əlindən alan bu günahkarın ən böyük cəzası onun daş olub qəlbini parçalayan peşmanlığı olmalı idi, o yox. Buna görə də boğazındakı düyümü zorla da olsa, udmuş, rahib kimliyinə bürünərək orada ağlayan adamı tək başına buraxmışdı.
Tanrı hər zaman qəlbimizi görür. Məsələ dildə dönən "peşmanam" kəliməsi deyildi. Məsələ hər yanlışın sonunda onun doğrudan yanlış olduğunu anladığımız an idi.
Və rahib, 10 ildir sahib olduğu kimliyə o gün öz ürəyində xəyanət edərək o adamın heç vaxt bağışlanmaması üçün Tanrıya yalvarmışdı.
Aysel Yaşarqızı





