“Azərbaycan çox böyük bir tarix yazdı və dünya üçün uğurlu bir təcrübə, müsbət bir presedent təqdim etdi. Dünyada hazırda 50-yə qədər separatizm ocaqları mövcuddur və bu separatizm ocaqlarının mövcud olduğu ərazilərdə təxminən 220 milyon insan yaşamaqdadır. Separatçılıq hər zaman mövcud olduğu ölkələrin dövlət təhlükəsizliyinə, suverenliyinə birbaşa təhdid yaratmaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də çox böyük təhdidlər yaradır”.
Bu barədə siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu səbəbdən də Azərbaycan tərəfi öz qətiyyətli addımlarıyla ölkə prezidenti özünün strateji baxışları ilə siyasi iradəsi ilə nümayiş etdirdi ki, separatizmə qarşı uğurlu mübarizə aparıb onun kökünü kəsmək olar. Politoloq hesab edir ki, “Nürnberq” prosesindən sonra ən böyük hadisə elə Bakı prosesi idi, bunu da separatizm üzərində Bakı qələbəsi kimi dünyaya təqdim etmək lazımdır: “Bu gün dünya görür ki, separatizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyə, dövlət təhlükəsizliyinə olan çox ciddi təhdidi aradan qaldırmaq lazımdır”.
Elşad MirbəşiroğluElşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan tərəfi sistemli şəkildə haqlı mövqelərimizi, ədalətli addımlarımızı dünya ictimaiyyətinin diqqətinə çatdıra bildi: “Beynəlxalq səviyyədə Azərbaycana qarşı hər hansı bir ciddi iradın olacağını düşünmürəm. Çünki bunun üçün heç bir əsas yoxdur. Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycanın bu təcrübəsindən yararlanaraq digər separatizm ocaqlarının söndürülməsi istiqamətində addımlar atıla bilər. Bu, həm də Azərbaycan ərazisində gələcəkdə yenə də oxşar cinayətləri törətmək istəyində olanlar üçün ciddi bir tarixi dərs idi. Bundan sonra Azərbaycana qarşı nə ərazi iddiaları, nə də separatizm meylləri ilə çıxış etmək arzusu olmayacaq. Çünki bu cinayəti törədənlər ən sərt formada ədalət çərçivəsində layiqli cəzalarını almış oldular”.
Elşad Mirbəşiroğlu bildirib ki, sülh prosesini Azərbaycan başlatdığı kimi irəli aparmaqdadır: “Sülh gündəliyini irəli aparan Azərbaycanın bugünkü güc mövqeyidir. Bunu hər zaman olduğu kimi qeyd etmək lazımdır. Biz aydın görürdük ki, kənar dairələrdə Ermənistanın özü də, sülhə çox meylli deyildilər. Azərbaycan öz iradəsini nümayiş etdirərək, Azərbaycan özünün güc mövqeyini daha da artıraraq, eyni zamanda sülh ritorikasında nə dərəcədə səmimi olduğunu davamlı şəkildə nümayiş etdirərək sülh gündəliyini irəli aparmaqdadır. Bu istiqamətdə əhəmiyyətli yol qət edilib: “Sülh müqaviləsinin mətni paraflanıb, artıq Azərbaycanla Ermənistan arasında tranzit imkanları təmin edilməkdədir. Azərbaycan bununla da sülhə, regional əməkdaşlığa nə dərəcədə sadiq olduğunu nümayiş etdirir. Biz həm Rusiyadan, həm də Qazaxıstandan yüklərin Ermənistana çatdırılması üçün tranzit imkanları təqdim edirik. Yəni biz sülh istiqamətində bütün səmimi addımları atırıq. Separatçıların və Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlərin cəzalandırılması, gələcəkdə sülhün daha etibarlı olmasına dəlalət edəcək. Çünki bir daha ölkəmizə, xalqımıza qarşı bu cür cinayətlər törətmək istəyənlər yaxşı düşünməli olacaqlar”.
İradə Cəlil, Bizimyol.info






