Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dalğalanan bazarda necə qazanmalı? – İqtisadçı strategiyanı açıqladı
Dalğalanan bazarda necə qazanmalı? – İqtisadçı strategiyanı açıqladı

Amerika fond bazarlarında rekord yüksəlişdən sonra müşahidə olunan dalğalanmalar investorlar arasında qeyri-müəyyənliyi artırıb.

Milyarder investor Uorren Baffet (Warren Buffett) bazarın həddindən artıq bahalaşdığı barədə xəbərdarlıq edərək, qısamüddətli spekulyativ investisiyalar əvəzinə, güclü fundamental göstəriciləri olan şirkətlərə uzunmüddətli sərmayə qoymağın vacibliyini vurğulayıb.

Ekspertlər hesab edirlər ki, mümkün bazar enişi fonunda ən düzgün strategiya panikaya qapılmadan keyfiyyətli aktivləri uzun müddət portfeldə saxlamaqdır.

  • Hazırkı şəraitdə fond bazarında ehtiyatlı davranmaq daha doğrudur, yoxsa risk edib yeni investisiya imkanlarından yararlanmaq?

İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda qlobal fond bazarlarında müşahidə olunan dalğalanmaları yalnız risk kimi qiymətləndirmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, bu proses bazarın təbii korreksiya mərhələsi kimi dəyərləndirilməlidir.

"Son illərdə faiz dərəcələri ilə bağlı gözləntilər və digər amillərin təsiri nəticəsində bir sıra aktivlərin qiymətində sürətli artım müşahidə olunub. Bu isə bir çox aktivlərin fundamental dəyərindən daha yüksək qiymətləndirilməsinə səbəb olub. Belə şəraitdə müəyyən korreksiyaların baş verməsi iqtisadi baxımdan tamamilə normal prosesdir", – deyə iqtisadçı vurğulayıb.

Asif İbrahimovun fikrincə, investorlar üçün əsas məsələ bazara emosiyalarla deyil, dəqiq strategiya ilə yanaşmaqdır. Onun sözlərinə görə, uzunmüddətli dövrdə məhz bu prinsipi rəhbər tutan investorlar daha uğurlu nəticə əldə edirlər.

"Hazırkı şəraitdə bazardan tamamilə uzaqlaşmaq da, bütün vəsaiti yüksək riskli aktivlərə yönəltmək də düzgün yanaşma deyil. Daha məqsədəuyğun strategiya mərhələli investisiya, portfelin diversifikasiyası və risklərin peşəkar şəkildə idarə edilməsidir. Məhz bu yanaşma qeyri-müəyyənlik dövründə investor üçün daha optimal hesab oluna bilər", – deyə o bildirib.

İqtisadçı, həmçinin investor əfsanəsi Uorren Baffetin tez-tez gündəmə gələn xəbərdarlıqlarına da münasibət bildirib. O qeyd edib ki, Baffetin məqsədi bazarın qısamüddətli istiqamətini proqnozlaşdırmaq deyil, investorları həddindən artıq nikbinlikdən çəkindirməkdir.

"Tarix göstərir ki, Uorren Baffet bazarın nə vaxt enəcəyini dəqiq proqnozlaşdırmağa çalışmır. O, daha çox qiymətlərin fundamental göstəricilərdən uzaqlaşdığı dövrlərdə ehtiyatlı olmağın vacibliyini ön plana çəkir. Bu yanaşma onun uzunmüddətli investisiya fəlsəfəsinin əsasını təşkil edir və bu gün də aktuallığını qoruyur", – deyə Asif İbrahimov vurğulayıb.

İqtisadçı hesab edir ki, hazırkı bazar şəraitində investorların qarşısında duran əsas seçim risk etmək və ya ehtiyatlı davranmaq dilemması deyil. Əsas məsələ riskləri düzgün qiymətləndirərək keyfiyyətli aktivlərə planlı və uzunmüddətli investisiya yatırmaqdır.

Onun sözlərinə görə, məhz belə strategiya qeyri-müəyyənlik dövründə investorun kapitalını qorumaqla yanaşı, gələcəkdə daha yüksək gəlirlilik imkanları da yarada bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »