Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Macarıstanın Baş naziri Peter Madyar Zelenski ilə görüşəcəyinə ümid edir
Macarıstanın Baş naziri Peter Madyar Zelenski ilə görüşəcəyinə ümid edir

Macarıstanın Baş naziri Peter Madyar yaxın vaxtlarda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş keçirməyi planlaşdırdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Madyar NATO sammitinin ikinci günündə Ankarada keçirilən iclasdan əvvəl jurnalistlərə bildirib ki, ötən gün Zelenski ilə qısa söhbəti olub və tərəflər yaxın gələcəkdə ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.

Zelenski NATO sammitinə qonaq qismində dəvət olunub.

Xatırladaq ki, iki lider daha əvvəl iyunun 19-da Brüsseldə keçirilən Avropa İttifaqı sammiti çərçivəsində qısa görüş keçiriblər. Lakin son illərdə xeyli gərginləşən Macarıstan-Ukrayna münasibətlərinin normallaşdırılması məqsədilə tam formatlı görüşün təşkili hələlik mümkün olmayıb.

İyun ayında Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına etirazını geri götürüb. Bununla belə, Budapeşt digər Aİ ölkələri kimi bu prosesin sürəti ilə bağlı narahatlıqlarının qaldığını bildirib.

Peter Madyar dəfələrlə Kiyevin Avropa strukturlarına sürətlə inteqrasiyasını dəstəkləmədiyini bəyan edib. Onun fikrincə, Ukraynaya digər namizəd ölkələrə tətbiq olunan eyni tələblər irəli sürülməlidir.

Macarıstan Ukrayna ilə Aİ arasında danışıqlara yaşıl işıq yandırdıqdan sonra Kiyevin Zakarpatyedə yaşayan macar milli azlığının siyasi, mədəni və təhsil sahələrində son illərdə məhdudlaşdırılmış hüquqlarını bərpa etməyə razılaşdığı bildirilib.

Bundan sonra iki ölkənin diplomatları Madyarla Zelenski arasında ilk rəsmi görüşün hazırlanmasına başlayıblar. Lakin görüşün şərtləri ilə bağlı hələ razılıq əldə olunmayıb. Macarıstanın baş naziri görüşün Zakarpatye vilayətinin, əsasən macarların yaşadığı Bereqovo şəhərində keçirilməsini təklif edib. Onun fikrincə, bu, mühüm simvolik məna daşıya bilər. Bununla yanaşı, mediada Ukraynanın görüşün Budapeştdə keçirilməsini istədiyi barədə məlumatlar yayılıb.

Macarıstan və Ukrayna arasında münasibətlər Viktor Orban hökumətinin hakimiyyəti dövründə daha da pisləşib. Budapeşt Ukraynaya hərbi yardım göstərməkdən, o cümlədən silah tədarükündən imtina edib və ölkənin Aİ-yə üzvlüyünə qarşı sərt mövqe nümayiş etdirib. Bu isə Kiyev və Brüsselin açıq narazılığına səbəb olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »