ABŞ hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi qurumu əsas prinsiplərinə və funksiyalarına qaytarmalıdır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts təşkilatın baş katibi vəzifəsinə namizədlərlə keçirdiyi görüşlərdən sonra bildirib.
Uolts sosial şəbəkə hesabında yazıb ki, ABŞ-ın mövqeyi aydındır: “Növbəti lider BMT-ni əsas missiyasına qaytarmalıdır. Biz hamını razı salmağa çalışan yanaşma deyil, sülh, təhlükəsizlik və tam maliyyə şəffaflığı kimi əsas məsələlərə diqqət yetirməliyik”.
BMT-nin yeni baş katibinin seçkisinin iyulun sonunda keçirilməsi planlaşdırılır. Hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti isə 31 dekabr 2026-cı ildə başa çatır.
Yeni baş katib postuna rəsmi namizədlər arasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi, Çilinin keçmiş prezidenti Mişel Baçelet, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriges-Birkett, Seneqalın sabiq prezidenti Maki Sall, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan və BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa yer alır.
Bizimyol.info






