Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fitoterapevt: “Bəzi insanlar bu müalicə üsulunun təsirini həddindən artıq şişirdirlər”
Fitoterapevt: “Bəzi insanlar bu müalicə üsulunun təsirini həddindən artıq şişirdirlər”

Paytaxtın Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən “Duzlu göl” hər il yay aylarında yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilir.

Bizimyol.info Baku TV - yə istinadən xəbər verir ki, sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu müalicə üsuluna əl atmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Ancaq buna baxmayaraq, hər yay aylarında ora gedən insanların sayı durmadan artır.

Sakinlərdən biri deyir: “Duz xəstəliyinə, şişə, revmatizmə xeyri var”.

Həmin şəxsin iddiasına görə, bəzi xəstələri "Duzlu göl"ə xərəkdə gətirirlər, "10 gündən sonra isə xəstələr ayağa qalxırlar" .

“2014-cü ildən buraya gəlirəm. Çox faydasını görmüşəm. Həqiqətən də, xeyri var, ağrılarım azalır. Əvvəllər dekabr, yanvar, fevral aylarında hər gün ağrılarım olurdu. İndi isə bəzən bir gün ağrıyır, sonra bir həftə, hətta bir ay ağrı hiss etmirəm”, - sakinlərdən biri Baku TV-yə bildirib.

“30 ildir buraya gəlirəm. Həmişə şəfasını görmüşəm. Böyrək, ciyər, sümük ağrıları da daxil olmaqla bir çox narahatlıqlara xeyri var”, - başqa bir sakin deyib.

  • Bəs “Duzlu göl” ün palçığından müalicə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?

Bu barədə Bizimyol.info xəbər portalına danışan fitoterapevt Fuad Mahmudov "Duzlu göl"ün böyrəyə, qaraciyə xeyirli olduğunu bildirib: “Həqiqətən də, "Duzlu göl"ün faydası var. Lakin ora gedib gölün suyundan istifadə edən bəzi insanlar bu müalicə üsulunun təsirini həddindən artıq şişirdirlər. Məsələn, biri deyir qaraciyərinə xeyirdir, biri deyir, böyrəyinə xeyri dəyir, hətta mədəyə və mədəaltı vəzinə də xeyri olduğunu iddia edirlər. Bunlar doğru deyil”.

Fuad Mahmudov deyib: “Gölün suyunun təsiri əsasən oynaq ağrıları və bəzi dəri xəstəlikləri ilə bağlı ola bilər.

Əlbəttə, bütün sahələrdə olduğu kimi, burada da şişirtmələr olur. Axı gölün suyu böyrəyə necə təsir edə bilər? Şişirtmə də elə bundan ibarətdir. O, hansı yolla böyrəyə təsir göstərə bilər? Böyrəklə birbaşa təmasda olmur. Birbaşa təmasda olan yalnız dəri səthi və oynaqlardır. Hər hansı bir vasitənin daxili orqanlara təsir göstərməsi üçün onu daxilə qəbul etmək lazımdır. Gölün suyunu isə içmirlər ki, o, böyrəyə, qaraciyərə və ya başqa daxili orqanlara təsir etsin. Bu cür iddialar uydurmadır, yalandır”.

Fuad Mahmudov vurğulayıb ki, "Duzlu göl"ə çimərlik kimi də baxmaq olar: “Amma mən dəfələrlə müşahidə edirəm ki, gölün suyu bəzi dəri xəstəliklərinə, eləcə də, oynaq xəstəliklərinə faydalıdır. Məsələn, yaşlı insanlar diz və oynaq ağrılarından şikayət edirlər. Gölün duzunun belə xəstəliklərə xeyri var.

Burada D vitamini faktoru da var. Günəşin təsiri nəticəsində ora çimərlik kimi də baxmaq olar. Mən özüm orada heç vaxt olmamışam. Yəqin ki, ətrafda qum da var. Amma bilirəm ki, insanlar gölün palçığından istifadə edir, onu bədənlərinə sürtürlər. Bunun təsiri də dəri və oynaqların palçıqla təması nəticəsində yaranır. İnsanlar da məhz buna görə onun faydasını gördüklərini bildirirlər”, – deyə Fuad Mahmudov əlavə edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »