Azərbaycan xalqının XX əsrin sonundakı ən faciəvi və eyni zamanda ən şərəfli tarixlərindən biri olan 20 Yanvar hadisələri yalnız Sovet imperiyasının törətdiyi hərbi cinayət kimi deyil, həm də həmin dövrdə respublikaya rəhbərlik edən yarıtmaz, iradəsiz və məsuliyyətsiz hakimiyyətin acı nəticəsi kimi qiymətləndirilməlidir. Bu faciədən 36 il keçsə də, hadisələrin siyasi kökləri və çıxarılan dərslər bu gün də aktuallığını qoruyur.
1990-cı ilin yanvarında Azərbaycan xalqı artıq milli oyanış mərhələsinə qədəm qoymuşdu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağda separatizmin açıq dəstəklənməsi, Moskvadan gələn ikili standartlı qərarlar cəmiyyətdə ciddi narazılıq yaratmışdı. Lakin həmin dövrdə respublikaya rəhbərlik edən siyasi elita nə xalqla ünsiyyət qura bildi, nə də vəziyyəti idarə edəcək iradə nümayiş etdirdi. Ən böyük faciə isə ondan ibarət idi ki, bu yarıtmaz hakimiyyət xalqı qorumaq əvəzinə, Moskvadan gələn təzyiqlər qarşısında aciz qaldı və nəticədə dinc əhali imperiya ordusunun qarşısında faktiki olaraq müdafiəsiz buraxıldı.
20 Yanvar gecəsi Bakıya fövqəladə vəziyyət elan olunmadan yeridilən Sovet ordusu yüzlərlə günahsız insanı qətlə yetirdi. Bu qırğın təkcə Moskvanın deyil, eyni zamanda həmin dövrdə Azərbaycanın rəhbər strukturlarında təmsil olunanların siyasi iflasının göstəricisi idi. Xalqla hakimiyyət arasında yaranmış uçurum, qərarsızlıq və məsuliyyətsizlik faciənin miqyasını daha da böyütdü.
Belə bir mürəkkəb və qorxulu siyasi mühitdə Ulu Öndər Heydər Əliyevin mövqeyi tarixi əhəmiyyət daşıyırdı. 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanatla Heydər Əliyev Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, 20 Yanvar hadisələrini Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət adlandırdı. Bu çıxış, əslində, yalnız imperiyaya deyil, eyni zamanda susan və məsuliyyətdən yayınan yerli hakimiyyətə də siyasi ittiham idi.
Ulu Öndərin sonrakı illərdə 20 Yanvar hadisələrinə verdiyi siyasi-hüquqi qiymət göstərdi ki, dövlətçilik yalnız vəzifə tutmaq deyil, xalq qarşısında məsuliyyət daşımaqdır. 1994-cü ildə Milli Məclisin 20 Yanvar faciəsi ilə bağlı qəbul etdiyi qərar tarixi ədalətin bərpası, həm də keçmiş yarıtmaz idarəçiliyə verilmiş rəsmi siyasi qiymət idi.
Cənab Prezident İlham Əliyevin 20 Yanvarla bağlı çıxışlarında xüsusi vurğulanan məqam ondan ibarətdir ki, bu faciə Azərbaycan xalqını sındırmadı, əksinə, onu daha da gücləndirdi. Dövlət başçısı dəfələrlə bildirib ki, 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın ilk qurbanları və qəhrəmanlarıdır. Bu yanaşma faciəni yalnız matəm günü kimi deyil, milli iradənin formalaşdığı siyasi mərhələ kimi təqdim edir.
Məhz bu tarixi yaddaş və düzgün siyasi liderlik 44 günlük Vətən müharibəsində öz real nəticəsini verdi. Əgər 1990-cı ildə Azərbaycan zəif hakimiyyətin ucbatından öz vətəndaşlarını qoruya bilmədisə, 2020-ci ildə güclü dövlət və peşəkar ordu xalqın iradəsini döyüş meydanında təmin etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə 20 Yanvarla başlayan mübarizənin məntiqi yekunu oldu.
20 Yanvar faciəsi bir daha sübut etdi ki, yarıtmaz hakimiyyət xalqa fəlakət gətirir, güclü və məsuliyyətli liderlik isə milləti Qələbəyə aparır. Bu hadisə Azərbaycan xalqına dövlətçilik dərsi verdi və həmin dərs 44 günlük Vətən müharibəsində parlaq şəkildə təsdiqləndi.
20 Yanvar faciəsinin 36-cı ildönümündə Azərbaycan artıq keçmiş səhvlərin girovu deyil. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində xalqın qanı bahasına qazandığı müstəqillik möhkəm təməllər üzərində qurulub. Bu gün qalib Azərbaycan dövləti sübut edir ki, 20 Yanvar şəhidləri boşuna can verməyib və yarıtmaz hakimiyyətlərin dövrü tarixdə qalıb.
Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların bizə miras qoyduğu azadlıq və dövlətçilik əmanətinə sahib çıxacağımızı bir daha bəyan edirik.
Nicat İsmayılovMüəllif: Nicat İsmayılov






