Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkədə mərkəzləşmiş, rəqabəti zəif, sosial ədalət mexanizmləri natamam olan bir bazar sistemi mövcuddur"
"Ölkədə mərkəzləşmiş, rəqabəti zəif, sosial ədalət mexanizmləri natamam olan bir bazar sistemi mövcuddur"

İqtisadçı Fərhad Pərvizi onlayn platformalarda yayımlanan verilişlərin birində bildirib ki Azərbaycanda sosializm hökm sürür. “Mənə deyirlər ki, maaşlar artmır. Mən də deyirəm ki, çünki Azərbaycanda kapitalizm deyil, sosializmdir. Ölkədə bazar iqtisadiyyatı yoxdur. İqtsadiyyatın 70 faizi dövlətin əlindədir və əhalinin də 70 faizi dövlətə işləyir. Belə olan halda ölkədə kapitalizm deyil, sosializm hökm sürür deməkdir.

  • Bəs həqiqətən Azərbaycanda hansı sosializm hökm sürür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu mövzuya yanaşanda anlayışları bir-birindən ayırmaq vacibdir: “Klassik sosializm dövlət mülkiyyətinə əsaslansa da, əsas məqsədi sosial ədalət, bərabər imkanlar və əhalinin rifahının qorunmasıdır. Klassik bazar iqtisadiyyatı isə özəl mülkiyyətə, rəqabətə, azad qiymət formalaşmasına və təşəbbüskarlığa söykənir. Azərbaycandakı mövcud vəziyyət bu iki modelin heç birinə tam uyğun gəlmir”.

Akif Nəsirli Akif Nəsirli

“Azərbaycanda iqtisadiyyatın böyük hissəsinin dövlətin nəzarətində (inhisarında) olması doğrudur. Enerji sektoru, əsas infrastruktur, iri banklar və strateji sahələr dövlətə bağlıdır. Bu isə bazar iqtisadiyyatının əsas şərti olan real və ədalətli rəqabəti məhdudlaşdırır. Eyni zamanda sosializmdə vacib olan sosial ədalət, gəlirlərin balanslı bölgüsü və zəif təbəqələrin effektiv müdafiəsi də tam təmin olunmur. Yəni dövlətin iqtisadiyyatda payının böyük olması avtomatik sosializm demək deyil”-deyə iqtisadçı qeyd edib.

Akif Nəsirli hesab edir ki, bu baxımdan Azərbaycan daha çox “dövlət kapitalizmi”nə bənzər bir modelə yaxındır: “Bu sistemdə əsas iqtisadi resurslar və gəlir mənbələri dövlətə və ya dövlətə yaxın qruplara (dövlətə bağlı inhisarçılara - oliqarxyaya) məxsus olur, amma sosial ədalət mexanizmləri zəif işləyir, bazar isə azad deyil, oliqarxiya və dövlətin əlindədir. Nəticədə nə rəqabət tam formalaşır, nə də gəlirlər cəmiyyət daxilində balanslı şəkildə bölüşdürülür”.

İqtsadçının fikrincə, maaşların artmamasını da qismən bu sistemlə əlaqələndirmək olar: “Rəqabət zəif olduqda özəl sektor inkişaf etmir, məhsuldarlıq aşağı qalır və işəgötürənlər əməkhaqlarını artırmaq üçün nə imkan tapmır, nə də təzyiq hiss etmirlər. Dövlət sektorunda isə maaşlar, əsasən inzibati qərarlarla tənzimlənir və iqtisadi artımın real nəticələri əməkhaqlarında gec və ya məhdud şəkildə əks olunur. Nəticə etibarilə, Azərbaycanda nə klassik bazar iqtisadiyyatı, nə də sosializm hökm sürür. Daha çox mərkəzləşmiş, rəqabəti zəif, sosial ədalət mexanizmləri natamam olan bir sistem mövcuddur və bu da uzunmüddətli perspektivdə həm maaşların artımını, həm də ümumi rifahın yüksəlməsini məhdudlaşdırır”.

Akif Nəsirli bildirib ki, bu sistem daha çox V.İ.Leninin təsnifləşdirdiyi sistemdə dövlət kapitalizmi kateqorıyasına uyğun gəlir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »