ABŞ İranla qarşıdurmada strateji çıxılmaz vəziyyətə düşüb. Çünki Vaşinqton administrasiyasının Tehrana qarşı tətbiq etdiyi yanaşmaların heç biri gözlənilən nəticəni verməyib.
Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması İdarəsinin keçmiş direktoru (2001–2003), Corc Buş administrasiyasında çalışmış və ABŞ-nin Xarici Əlaqələr Şurasının sabiq prezidenti Riçard Haas The New York Times qəzetinə müsahibəsində səsləndirib.
“Biz bir növ strateji çıxılmaz vəziyyətə düşmüşük”, – deyə Haas bildirib. Onun sözlərinə görə, ABŞ İrana qarşı hücumlarını artırdıqca, Tehran da Fars körfəzi ölkələrinin neft və enerji infrastrukturuna zərbələri intensivləşdirir. Ekspert əlavə edib ki, “Donald Tramp administrasiyası indiyədək bu obyektlərin necə qorunacağına dair effektiv həll yolu tapa bilməyib”.
Haas vurğulayıb ki, Tramp əvvəlcə bombardmanlar vasitəsilə Tehranda hakimiyyət dəyişikliyinə nail olacağını düşünürdü. Daha sonra isə İranı eyni üsulla təslim olmağa məcbur edəcəyinə ümid edirdi. Lakin onun sözlərinə görə, bu planların heç biri reallaşmayıb.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla çoxsaylı itkilərin olduğu bildirilib.
İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə memorandumun icrası üzrə ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Qətər və Pakistanın ilk görüşdən sonra yaydığı birgə bəyanatda bildirilib ki, danışıqlar müsbət və konstruktiv şəraitdə keçib, tərəflər gələcək texniki məsləhətləşmələrin aparılması üçün əsas yaradan ümidverici irəliləyiş əldə ediblər.
Bununla belə, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı hava zərbələrini yenidən bərpa edib.
Bizimyol.info






