Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeni model regionlarda müəllim çatışmazlığını önləmək və təhsil keyfiyyətini bərabərləşdirmək baxımından çox önəmlidir”
“Yeni model regionlarda müəllim çatışmazlığını önləmək və təhsil keyfiyyətini bərabərləşdirmək baxımından çox önəmlidir”

Azərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq ediləcək. Ölkənin bir sıra məktəblərində distant tədris elementlərindən istifadə nəzərdə tutulur. Bildirilir ki, bu qərar həmin məktəblərin bağlanması anlamına gəlmir. Yeni mexanizmə əsasən, müəllim çatışmazlığı olan fənlər distant şəkildə tədris olunacaq. Bu məqsədlə müəyyən təhsil müəssisələrinə “mərkəz məktəb” statusu veriləcək. Bu məktəblərdə distant dərslərin keyfiyyətli təşkili üçün müasir texniki infrastruktur qurulacaq, xüsusi otaqlar ayrılacaq və müəllimlər üçün şərait yaradılacaq. Şagirdlər isə kompüter və digər texniki vasitələrlə təmin olunacaq. Beləliklə, şagirdlər öz məktəblərini tərk etmədən, distant şəkildə tədris prosesində iştirak edəcəklər. Bu modelin əsas məqsədi regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq və təhsilin keyfiyyətini bərabərləşdirməkdir.

Eyni zamanda şagird sayı çox az olan və fəaliyyətini davam etdirməsi mümkün olmayan bəzi məktəblərin isə mərhələli şəkildə bağlanacağı, həmin şagirdlərin distant təhsilə yönləndiriləcəyi qeyd olunur. Bu kateqoriyaya daxil olan məktəblərin sayının 100-dən artıq olduğu bildirilir.

  • Məktəblərin tam bağlanaraq distant təhsilə keçməsi uşaqların sosial inkişafına və məktəb mühitinə uyğunlaşmasına necə təsir göstərə bilər?
  • Müəllimlərlə canlı ünsiyyətin olmaması şagirdlərin dərsi qavrama səviyyəsində hansı çətinlikləri yarada bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, əsas məqsəd uşaqların təhsildən kənarda qalmamasıdır: “Bu yeni model regionlarda müəllim çatışmazlığının qarşısını almaq və təhsil keyfiyyətini bərabərləşdirmək baxımından çox önəmlidir. Əsas məqsəd uşaqların təhsildən kənarda qalmamasıdır. Məktəblərin tam bağlanması yalnız fəaliyyətini davam etdirməsi mümkün olmayan azsaylı hallarda nəzərdə tutulur və bu şagirdlər distant dərslərə cəlb olunacaq. Lakin qeyd etmək lazımdır ki, distant təhsil sosial inkişaf və məktəb mühitinə uyğunlaşma baxımından müəyyən risklər daşıyır. Şagirdlər fiziki sinifdə olmadan, sinif yoldaşları ilə birgə fəaliyyət göstərmədən, sosial bacarıqlarını inkişaf etdirmək imkanını məhdudlaşdırmış olurlar. Bu səbəbdən distant dərslərin tətbiqində virtual layihələr, interaktiv məşğələlər və sosial-emosional fəaliyyətlərin qorunması vacibdir ki, uşaqlar həm akademik, həm də sosial sahədə inkişaf etsinlər”.

Əmrah Həsənli Əmrah Həsənli

Əmrah Həsənli qeyd edib ki, bu modelin tam effektiv olması üçün həm texnoloji, həm pedaqoji, həm də sosial-emosional dəstək birgə işləməlidir: “Müəllimlərlə canlı ünsiyyətin olmaması dərs materialının qavranılmasında çətinliklər yarada bilər. Şagirdlər suallarını dərhal ünvanlaya bilmədikdə və fərdi izah ala bilmədikdə dərsin mənimsənilməsi zəifləyə bilər. Ona görə distant təhsil texnoloji vasitələrlə məhdudlaşmamalıdır. Müəllimlər şagirdlərlə fərdi əlaqəni qoruyacaq, virtual konsultasiyalar, mentor dəstəyi və qrup müzakirələri kimi mexanizmlər təmin edilməlidir.

Nəticə etibarilə, bu model regionlarda təhsilin fasiləsizliyini təmin edir, amma onun tam effektiv olması üçün həm texnoloji, həm pedaqoji, həm də sosial-emosional dəstək birgə işləməlidir. Təhsil siyasətində balans-texnologiya ilə pedaqogikanın inteqrasiyası-prioritet olmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »