ABŞ Prezidenti Donald Tramp sosial media platforması TruthSocial-da İranla iqtisadi münasibətləri davam etdirən ölkələrə qarşı yeni 25% tariflərin tətbiq olunduğunu elan etdi. Amerika lideri vurğuladı ki, bu tədbirlər dərhal qüvvəyə minir və İran hökuməti ilə qarşılıqlı əlaqədə olan bütün ölkələrə şamil olunur.
Bloomberg-in məlumatına görə, İranın əsas ticarət tərəfdaşları arasında Hindistan, Türkiyə və Çin var. Daha əvvəl ABŞ Prezidenti ölkənin Rusiya neftini alması səbəbindən Hindistandan idxala 50%-ə qədər əlavə tariflər tətbiq etmişdi. Bu yeni tədbir, ötən ilin sonunda Tramp və Çin Prezidenti Si Cinpin arasında Çinlə ticarət müharibəsinə son qoymaq üçün əldə edilən razılaşmaya da təsir göstərə bilər.
Ağ Evin mətbuat katibi Kerolin Levitt, iqtisadi tədbirlərlə yanaşı, Donald Tramp administrasiyasının hava hücumları da daxil olmaqla Tehran rejiminə qarşı hərəkət variantlarını araşdırdığını, lakin münaqişənin həlli üçün diplomatik vasitələrə üstünlük verdiyini açıqladı.
İranda etirazlar ötən ilin dekabr ayında başlayıb və 1979-cu il inqilabından bəri İslam Dövlətinin hakimiyyətinin ən ciddi sınağına çevrilib. Kütləvi etirazlar milli valyuta olan rialın dəyərinin kəskin şəkildə aşağı düşməsi ilə başlayıb ki, bu da əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olub. İnsan haqları fəalları yüzlərlə nümayişçinin ölümü və minlərlə insanın həbs olunması barədə məlumat verirlər.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunma siyasəti İranın iqtisadi vəziyyətini daha da çətinləşdirəcək addımdır.
Zeynal Əmrəliyev“ABŞ-nin İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq etməsi İrandakı rejimin öz varlığını dayandırmasına, yəni iqtisadi azadlığının dayandırılmasına səbəb ola bilər. Bütün bu faktlar onu göstərir ki, istər ölkə daxilində, istərsə də xaricində olsun baş verən etirazlar İrandakı hazırkı rejimi ciddi şəkildə sarsıdıb və ABŞ da bu vəziyyətdən istifadə etmək niyyətindədir. Daha ciddi iqtisadi sanksiyaların İrandakı mövcud rejimə tətbiq olunması, yəni İranla ticarət edən ölkələrə qarşı tətbiq olunacaq sanksiyalar bu sistemin çöküşünü sürətləndirəcək. Sistem bununla daha tez çökəcək. ABŞ sanksiyaları daha da ağırlaşdıra bilər”-deyən politoloq hesab edir ki, İran ətrafında baş verən hadisələr əsasən rejimin çökməsinə xidmət edəcək məsələlərdir.
İradə Cəlil, Bizimyol.info






