Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ChatGPT" illik 555 min dollar maaşla işçi axtarır
"ChatGPT" illik 555 min dollar maaşla işçi axtarır

“ChatGPT”nin yaradıcısı olan “OpenAI” süni intellektin doğura biləcəyi risklərlə mübarizə aparmaq məqsədilə “hazırlıq üzrə rəhbər” (head of preparedness) vəzifəsi üçün yeni yüksək səviyyəli menecer axtarışına başlayıb.

Bizimyol.info xəbər verir ki, şirkətin baş icraçı direktoru (CEO) Sem Altman “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bu vəzifənin “xeyli stresli iş” olacağı barədə namizədləri əvvəlcədən xəbərdar edib.

Yeni yaradılan bu vəzifə süni intellekt modellərinin kibertəhlükəsizlik, bioloji risklər və insanın psixi sağlamlığı kimi sahələrdə yarada biləcəyi təhdidləri qabaqcadan müəyyənləşdirmək və məhdudlaşdırmaq məqsədi daşıyır. Altmanın sözlərinə görə, 2025-ci il ərzində modellərin psixi sağlamlığa mümkün təsirlərinin ilkin əlamətləri artıq müşahidə olunub. O, həmçinin sistemlərin kompüter təhlükəsizliyində kritik boşluqları aşkar edəcək səviyyədə inkişaf etdiyini qeyd edib.

“OpenAI” tərəfindən yayımlanan vakansiya elanına əsasən, hazırlıq üzrə rəhbərə illik 555 min dollar maaşla yanaşı, şirkət səhmlərindən pay da veriləcək. Bu vəzifəyə təyin olunacaq şəxs süni intellekt sistemlərinin imkanları artdıqca təhlükəsizlik standartlarının da eyni səviyyədə genişləndirilməsini təmin edən proqramlara rəhbərlik edəcək.

Şirkət bu addımla texnoloji tərəqqinin üstünlüklərindən faydalanmaqla yanaşı, mümkün sui-istifadə ssenarilərini minimuma endirməyi hədəfləyir.

“OpenAI”nin bu təşəbbüsü şirkətin son dövrlərdə üzləşdiyi müxtəlif ittihamlardan sonra atılıb. “ChatGPT”nin həssas vəziyyətdə olan şəxslərin psixi sağlamlıq problemlərini dərinləşdirə biləcəyi və istifadəçiləri yanlış istiqamətə yönəldə biləcəyi ilə bağlı narahatlıqlar bəzi bölgələrdə hüquqi proseslərin başlanmasına səbəb olub. Şirkət bildirir ki, yeni strukturun yaradılması ilə inkişaf etmiş modellər bazara çıxarılmazdan əvvəl daha ciddi təhlükəsizlik yoxlamalarından keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »