Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Ermənistana neft, qaz ixrac etməlidirmi?
Azərbaycan Ermənistana neft, qaz ixrac etməlidirmi?

"Beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumdakı çıxışında deyib.

Azərbaycan Ermənistanla sülh quruculuğu prosesinə beynəlxalq mediadan, beynəlxalq ictimaiyyətdən kömək istəyir. Buna ehtiyacı da var, haqqı da var.

Bir zaman həmin o beynəlxalq media Azərbaycanı guya Ermənistanı "blokadayasaldığına görə" çox tənqid edirdi. Hətta o beynəlxalq birlik münaqişə həll edilməsini gözləmədən kommunikasiyaların açılmasında israr edirdi, bunu biliriniz. İndi artıq münaqişə də yoxdur; Azərbaycan bu problemi aradan qaldırıb. Bax, indi həmin o beynəlxalq media və beynəlxalq birlik Azərbaycanı təqdir etməli, dəstəkləməli deyilmi?! Əlbəttə, dəstəkləməlidir. Ancaq həmino beynəlxalq media bölgədəki faktik sülhə, sabitlik və inkişaf perspektivlərinə yox, Azərbaycanın daxili məsələlərinə daha çox diqqət verir.

Diqqət etdiniz: bir müddət əvvəl Azərbaycan öz ərazisi vasitəsilə və təbii ki, Gürcüstan üzərindən Ermənistana yük daşınmasına icazə verdi. Bu yüklər Qazaxıstanın taxılı idi; Ermənistan öz ərzaq təhlükəsizliyini daha qısa yolla, daha sırfəli şərtlərlə diversifikasiya etmək imkanı qazandı. Bu, çox önəmli bir jest idi; sülh perspektivlərini daha da yaxınlaşdırdı. Azərbaycan cəmiyyəti də öz dövlətinin bu qərarını normal qarşıladı. İndi isə Azərbaycan neftinin və qazının yenə də Gürcüstan üzərindən Ermənistana ötürülməsi ideyası var. Bunu da Prezidentin köməkçisi Doha Forumunda səsləndirib.

Bu təkliflə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentindəki bəzi rəylər məyusluq doğurur. Yenə də köhnə dəbli, ifrat emosional şərhlərə rast gəlirik. Əlbəttə, bunlar çoxluqda deyil, azlıqdadır. Ancaq yenə də narahatlıq doğurur. Bəzi rəylərdə təxminən belə emosional bir sual verilir: biz bu qədər şəhid verdik ki, Ermənistana neft sataq?!

Bu cür şərh duyğu istismarından başqa bir şey deyil. Çünki müharibə əbədi davam edə bilməz ki! İspaniyada xristianlar müsəlmanlarla 781 il döyüşüb. Yaxud Romalılar Sasanilərlə 241 il ərzində fasilələrlə savaşıb. Fransa ilə İngiltərə arasında isə 116 il çəkən müharibə olub. Bu o deməkdir ki, onlar indi də bir-biri ilə müharibə vəziyyətində qalmalıdır? Heç bir ticarət, münasibət, kommunikasiya qurulmamalıdır?!

Əlbəttə, müharibə yeni bitib, yaralar təzədir. Bəli, biz müharibədə o itkiləri qələbə qazanmaq üçün vermişik. Ancaq bu, hərbi qələbənin davamı da var: sülh, bölgədə sabitlik, inkişaf. Ermənistanda, bəli, revanşist qüvvələr hələ də var və onlar müharibənin yenidən alovlanmasını istərdi. Ancaq Ermənistan cəmiyyətinin özü də müharibələrdən bezib. Hər halda indiki hökumət hələ hakimiyyətdədirsə, deməli, cəmiyyətin çoxluğu sülhün tərəfindədir. Hətta elə olmasa belə, dövlətlərin öz cəmiyyətlərini bir-biri ilə sülh şəraitində yaşamağa hazırlaması qaçılmaz zərurətdir.

Azərbaycanın yaxın gələcəkdə Ermənistana neft, qaz ixrac etməsinə gəlincə, hazırda Ermənistan bu enerji daşıyıcılarını Rusiyadan və İrandan alır. Daha çox Rusiya asılılığı var. Rəsmi İrəvan bu asılılığı azaltmağa çalışıra, bu diversifikasiyada Azərbaycana, eləcə də, tranzit ölkə olaraq, Gürcüstana ehtiyacı varsa, deməli, sülh bütün bölgəyə yayılır. Bu da Cənubi Qafqazın öz daxilində inteqrasiyanı möhkəmləndirir və genişləbdirir. Xarici qüvvələrin destruktiv rolu daha da zəifləyir və gələcəkdə tamamilə aradan qalxa bilər. Azərbaycan dövləti və cəmiyyəti üçün də yeni imkanlar açılır. Müharibədə əsgər və zabitlərimiz öz həyatlarını ona görə qurban verib ki, ölkə daha güclü, daha firavan olsun, ölkədə, bölgədə dinclik, davamlı sabitlik olsun, elə deyilmi?! Yoxsa vuruşmağın mənası olmazdı.

Müharibə hərbçilərin, qələbədən sonrakı proseslər isə diplomatiyanın işidir. O cümlədən, enerji diplomatiyasının. Azərbaycanın enerji diplomatiyasında zəngin təcrübəsi və böyük uğurları var, bilirsiniz. Sadalamağa ehtiyac yoxdur.

Odur ki, spekulyativ fikirlər, ifratçı emosional passaj hansı tərəfdən qaynaqlanmasından asılı olmayaraq, bölgədə sülh perspektivlərinə zərər verir. Azərbaycanla Ermənistan arasındakı aktiv diplomatiyanın, o cümlədən, enerji diplomatiyasının əleyhinə təbliğat aparmaq istəyən şəxslər, qruplar və sair əvvəlcə özünə belə bir sual versin: bu, kimə lazımdır?

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »