Dublin Ukraynaya dəstək üçün əlavə 125 milyon avro ayıracaq.
Bizimyol.info xəbər verir ki, bu barədə İrlandiya hökuməti tərəfindən dərc edilmiş "Ukrayna-İrlandiya Tərəfdaşlıq Yol Xəritəsi 2030" adlı sənəddə deyilir.
Kiyevə hərbi yardım göstərmək üçün əlavə 100 milyon avro ayrılacağı qeyd olunur. Bu maddə üzrə ümumi maliyyələşdirmə, 2025-ci ildə artıq ayrılmış vəsaitlər nəzərə alınmaqla, 200 milyon avroya çatacaq.
"Ukrayna enerji infrastrukturunun bərpası və qorunması, eləcə də vacib elektrik təchizatının təmin edilməsi" üçün 25 milyon avro ayrılacaq.
Sənədin çərşənbə axşamı Vladimir Zelenskinin İrlandiyaya rəsmi səfəri zamanı imzalanması gözlənilir. Səfərin proqramına Baş nazir Maykl Martin ilə danışıqlar, Prezident Ketrin Konnolli, Baş nazirin müavini Saymon Harris və Xarici İşlər naziri Helen MakEnti ilə görüş daxildir. Bundan əlavə, səfər çərçivəsində İrlandiya-Ukrayna İqtisadi Forumunun keçirilməsi və Zelenskinin respublika parlamentində çıxışı planlaşdırılır.
Qadir, Bizimyol.info






