“Son vaxtlar İranda yaşayan xalqlar İran hakimiyyətindən narazıdır. Son araşdırmalara görə, iranlıların 92 faizi mövcud vəziyyətdən narazıdır. İran İslam Cümhuriyyətinin bir strukturu var. Bu idarə sistemi millətin istəyinə və ya istəməməyinə bağlı deyil. İranda 5 qurum var ki, bu qurum mollaların əlindədir. Bu, İslamı "saxlamaq" üçün yaradılmış bir strukturdur və İranda "İslam Cümhuriyyəti"ni müdafiə etmək üçündür”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İranda 20-yə yaxın orqan və təşkilat var, bu təşkilatlar "pasdarlar"ın əlindədir.
Maşallah Rəzmi“Biri İran İnqilab Keşikçiləri Korpusu, biri “Bəsic” yarımkönüllü silahlı dəstəsi, biri "nuriyi–intizami"dir. Bu üç qüvvə millətin etirazlarını dağıtmaq üçündür. Yəni bir yerdə bir etiraz başlanan zaman bunlar həmin yerə gəlir, etirazçıları vurur, tutur, öldürürlər. Ordu bu günə qədər milləti əzməkdə iştirak etməyib. Amma ola bilər ki, nizami dövlət yaradaraq ordunu da millətə qarşı qoysunlar. Bu günə qədər bu işi görməyiblər.
Milli Təhlükəsizlik Şurasının sədri Laricanidir. Laricani "Pasdarlar"ın Mərkəzi Şurasının üzvüdür. Parlamentin yarısından çoxu "Pasdarlar"dır. Parlamentin sədri Məmməd Bağır Qalibaf SEPAH-ın Mərkəzi Şurasının üzvüdür. Hətta iyun ayında İsraillə 12 günlük müharibədə söhbət var idi ki, əsl komandan Məmməd Bağır Qalibafdır. Parlamentin sədri eyni zamanda müharibəyə də rəhbərlik edirdi”-deyə Maşallah Rəzmi bildirib.
Güneyli şərhçi Maşallah Rəzmi qeyd edib ki, bu gün İranda mollalar və "Pasdarlar" ölkəni idarə edirlər.
İradə Cəlil, Bizimyol.info






