2025-ci ilin ilk üç rübündə Azərbaycana kərə yağı idxalının dəyəri artıb, yerli istehsal isə azalıb. Banker.az bu barədə xəbər verir ki, orta idxal qiyməti 32.8% bahalaşaraq 1 ton üçün 7 267 dollara yüksəlib. Daxili bazarda da qiymətlər artıb: yerli kərə yağı 21.3 manat, idxal olunan isə 24.48 manatdır. Yeni Zelandiyadan gətirilən kərə yağı 26 manata yaxın satılır. İllik müqayisədə yerli məhsullar 6%, xarici isə 14% bahalaşıb. Aprel-iyun aylarında qiymət artımı 20%-ə çatıb – bu da son illərin ən yüksək göstəricisidir. Bu artım geosiyasi risklər və qlobal ərzaq zəncirindəki problemlərlə əlaqələndirilir. Eyni zamanda yerli istehsal 10.4% azalaraq 22 115 tona düşüb.
- Son illər kərə yağının qiymətində artım müşahidə olunur. Bu bahalaşmanın əsas səbəbləri nədir?
- İdxaldan asılılıqmı, yoxsa daxili bazarda süni qiymət artımı ilə bağlıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bizim böyük bir heyvandarlığımız yoxdur ki, əhalinin tələbatını ödəsinlər: “Biz kərə yağı istehsalında xalis idxalçıyıq. Guya yerli müəssisə istehsal edir. Deməli, yağı çənlərlə alıb gətirib qablaşdırıb satırıq. Bizim böyük bir heyvandarlığımız yoxdur ki, o heyvanların südünü sağıb ondan yağ düzəltsinlər və əhalinin tələbatını ödəsinlər. Bizim özümüzün yerli istehsalımız çox azdır. Yağı satanlar da harda ucuz olarsa - Rusiyadan, Belarusdan, Avropadan, İrandan, Avstraliyadan, Yeni Zelandiyadan böyük həcmdə alırlar, qablaşdırıb özlərinə məxsus etiket yapışdırıb yerli istehsal məhsulu kimi satırlar. Yaxud İrandan quru südü alıb ondan yağ istehsal edirlər. Bizdə maldarlığın gücü o qədər deyil ki, biz özümüz kərə yağını istehsal edib verək. Bahalaşmanın səbəbi odur ki, kərə yağının idxal qiymətləri artıb. Həm də öz istehsalçılarımızın aldığı qiymət artıb. Biz idxalçıyıq, ona görə də bizdə qiymətlər artır”.
Xalid KərimliXalid Kərimli vurğulayır ki, xırdabuynuzlu, eləcə də iribuynuzlu heyvanların sayında ciddi azalma var: “Bazarda süni qiymət artımı deyil, biz həmişə idxaldan asılı olmuşuq. Çünki bizdə heyvandarlıq inkişaf etməyib ki, özümüzün yerli istehsalı daha ucuz olsun. Ümumiyyətlə, bizim başqa bir problemimiz budur ki, xırdabuynuzlu, eləcə də iribuynuzlu heyvanların sayında ciddi azalma var. Ətin bahalaşması səbəbi də bundan ibarətdir. Yəni dünya bazarında bahalaşıb, bizim bazarda da bahalaşıb. Süni qiymət artımı o halda olur ki, inhisarçılıq olsun, o zaman inhisarın təyin etdiyi qiymət süni qiymət sayıla bilər. Amma bazarda formalaşan qiymətlər süni qiymət deyil. Qiymətin süni olub-olmamağını Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyənləşdirə bilər ki, idxal sahibkarları toplaşıb sözü bir yerə qoyub, yoxsa yox. Mən Ümumdünya Ərzaq Təşkilatının (ÜƏT) yağ qiymətlərinə, süd məhsulları qiymətləri indeksinə baxmışam, orda da bahalaşma var. Ümumiyyətlə, dünyada bir bahalaşma prosesi gedir”.
Günel Həsənova, Bizimyol.info






