Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Evin qadını işləməz” düşüncəsi ilə iqtisadi zorakılıq: Qadının evdə gördüyü işlə də "iqtisadi dəyər" daşıyır
“Evin qadını işləməz” düşüncəsi ilə iqtisadi zorakılıq: Qadının evdə gördüyü işlə də "iqtisadi dəyər" daşıyır

Jan Jak Russo deyirdi ki, “insan azad doğulub, amma hər yerdə zəncirlənmişdir”…

Bu fikir həqiqətə uyğun bir fikirdir. Zaman keçir, insanlar və düşüncələr dəyişir, biz də cəmiyyətin inkişafından dönə-dönə danışırıq. Amma etiraf etməliyik ki, qadının cəmiyyətdəki yerinə baxmadan bu inkişafdan danışmaq sadəcə söz yığınından başqa bir şey deyildir.

Qadını "kölə" vəziyyətində olan cəmiyyətdə hansı "inkişaf"dan danışmaq olar?

Çox zaman qadına qarşı zorakılıq dedikdə ilk olaraq ağlımıza qadınların fiziki zorakılığa, döyülməyə məruz qalması göz önünə gəlir. Amma ən səssiz, ən ağrılı, qadını yaşamaq istəmədiklərini yaşamağa məcbur edən, digər zorakılıq növlərini bərabərində gətirən zorakılıq növü iqtisadi zorakılıqdır. Yəni qadının iqtisadi baxımdan həyatında olan kişidən iqtisadi asılılığıdır. Bu zorakılıq qadının işinə, qərarlarına, yaşam tərzinə, puluna qoyulan ağır bir qandaldır.

İqtisadi zorakılığa məruz qalan qadınlar bunu müxtəlif formalarda yaşayırlar. Bəzən qadının işləməsinə icazə verilmir, bəzən qadının qazandığı əlindən alınır, bəzən isə qadınlar evdə səhərdən-axşama qədər işləsə də, “sən işləmirsən” deyərək susdurulur.

Qadınların ev daxilində gördüyü işlər "gözə görünmədiyi" üçün kişilər çox zaman bunu dəyərləndirə də bilmirlər. Amma evdə görülən işlər də əsində iqtisadi bir dəyər daşıyır. Bəzi kişilərin düşüncələri köhnə stereotiplərlə çalışır. “Evin qadını işləməz” düşüncəsi ilə öyünən beyinlərin məhsulu qadınların aşağılanması olur.

İqtisadi zorakılıq qadınların düşüncə azadlığını da əlindən alır. Həyat yoldaşının pul kisəsinə toxunmaqdan qorxan, bank kartından qorxa-qorxa istifadə edən, xərcləmək üçün limitləri olan qadın azad şəkildə düşünə bilməz. Çünki belə qadın xarici gözəlliyinə fikir verə bilmək, istədiyini yemək, xoşuna gələni geyinə bilmək üçün mütləq şəkildə kişidən pul istəməlidir. Kişi isə “pulu verən” tərəf olduğu üçün onun da öz düşüncəsinə görə ağır tələbləri, limitləri olur. İqtisadi zoraklığın da ağır tərəfi məhz budur: istədiyini edə bilməmək, istədiyin kimi yaşaya bilməmək… Qadın bu vəziyyətə yavaş-yavaş öyrəşir, qəbul edir, bir müddət sonra isə bu vəziyyət onun normalına çevrilir.

Müxtəlif araşdırmalara görə, bu zorakılığa daha çox kənd yerlərində yaşayan, aşağı təhsil səviyyəli qadınlar məruz qalır. Amma iqtisadi zorakılığı, təkcə kəndin problemi kimi də dəyərləndirmək düzgün olmaz. Elə şəhərdə də, hətta ali təhsilli ailələlərdə belə qadına aid olan mülklərin həyat yoldaşı tərəfindən idarə edilməsi, qazandığı gəlirin “ailə büdcəsi” adı altında əlindən alınması halları müşahidə edilir. Təsəvvür edin ki, evin qadını işləyir və həyat yoldaşının öz şəxsi tələblərinə uyğun alışveriş edir. Və bunu qəbul edib, normallaşdırır. Bu kimi faktlara diqqət edən başa düşmək olur ki, bu vəziyyət təkcə təhsilin aşağı səviyyədə olması ilə əlaqəli deyil, həm də zehniyyət yoxulluğu ilə əlaqəlidir.

İqtisadi zorakılığa qarşı qadın özü mübarizə aparmalıdır. Yəni kimsə gəlib həmin qadına deməyəcək ki, “qazandığını ərinə vermə”, “mülkünün idarəsini ona vermə”, “kişinin əlinə baxmağa məcbur deyilsən”, “sənin evdə gördüyün işlər onun çöldə gördüyü işlərdən çoxdur” və s. Bunu qadın özü dərk etməlidir.

İqtisadi zorakılıqla mübarizə aparmaq üçün ilk addım təhsildən və maarifləndirilməkdən başlayır. Hər bir qadın öz hüquqlarını bilməlidir. Bilməlidir ki, onun işləmək, pul qazanmaq, bank hesabı açmaq, mülkiyyət sahibi olmaq kimi hüquqları var. Qadın bu hüquqlarını bilmirsə, o zaman onun iqtisadi azadlığından danışmaq da mənasız görünür.

Unutmamaq lazımdır ki, hər bir insan bu həyatı bircə dəfə yaşayır. İqtisadi cəhətdən kimdənsə asılı olub, öz arzu və istəklərini boğmaq üçün yaşamır. Odur ki, bu iqtisadi asılılıqdan qurtulmaq lazımdır. Bunun üçün kiçik ev biznesi qurmaq, onlayn işlə məşğul olmaq və ya bir sənət öyrənmək olar. Bu sahədə atılan hər bir addım zorakılıqla mübarizədə bir cəhddir. Qadın unutmamalıdır ki, bu gün onun puluna nəzarət etmək istəyən insan sabah onun həyatını idarə etməyə çalışacaq.

İqtisadi zorakılıq, qadının iradəsinə qarşı çıxmaq olduğu üçün həm də mənəvi bir savaşdır. Yazıya başlayanda, Jan Jak Russodan misal çəkmişdim: "İnsan azad doğulsa da, hər yerdə zəncirlənmişdir". Qadın iqtisadi asılılıq zəncirlərini özü qırmalıdır. Bunun üçün qadının güclü iradəsi olmalıdır. Əks halda, ömrünü hədər yaşadığını bir gün anlamış olacaq. Bir gün güzgüdə ağarmış saçlarına, qırışlar düşmüş üzünə baxanda iqtisadi zorakılığa məruz qaldığı zamanlarda zorakılığa göz yumduğu üçün özünü bağışlamayacaq. Unutmamalıyıq ki, azadlıq sadəcə istədiyimiz kimi geyinib, istədiyimiz yerə getmək deyil. Azadlıq öz büdcəmizə, öz arzularımıza, öz evimizə sahib ola bilmək duyğusudur. Sabah güzgüyə baxanda yaşananlara peşman olmamaq üçün bugün qərar vermək lazımdır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Son xəbərlər
Bütün xəbərlər »