Hamamlar ta qədim zamanlardan təmizlik mənbəyi sayılıb. Qədim vaxtlarda indi olduğu kimi hər evdə hamam yox idi. Dövrün zənginləri pul qazanmaq üçün ümumi hamamlar inşa edirdilər. Bu hamamlar sahiblərinə qazanc gətirməklə yanaşı, xalqın təmizliyi üçün də önəmli idi. Xüsusi olaraq qeyd edək ki, hamamların qiyməti bu gün olduğu kimi baha da deyildi, çünki hamamlar kasıb-varlı fərqləndirmədən hamı üçün idi. Elə Mərdəkanda yerləşən Xanbaba hamamı da bu məqsədlə tikilmişdi.
İddialara görə, tarixi Xanbaba hamamı Şirvanşahlar dövrünə aiddir və 1482-ci ildə kənd sakini Xanbaba tərəfindən tikilib. Maraqlısı budur ki, ötən əsrlərdə təmir zamanı hamamın qapıları sökülərək qapı yerləri hündürə qaldırılıb. Bu gün hamam baxımsız və qapıları bağlıdır. Deyilənə görə, burada çimmək üçün isti su gildən hazırlanmış xüsusi borularla gəlirmiş. Qapılar dəyişdirilən zaman həmin borular da sökülüb və dəmir boru ilə əvəz edilib.
Bu gün hamam baxımsız vəziyyətdədir, qapısı qıfıllı, qarşısı da zibillikdir. Görünür, işi birbaşa tariximizi qorumaq olan məsul qurumlar fil qulağında yatıb. Sualım aidiyyatı qurumadır: Tarixi Xanbaba hamamı ilə niyə maraqlanmırsınız?
İradə Cəlil, Bizimyol.info






