Türkiyə İsrailin ABŞ ilə İran arasında aparılan danışıqlar prosesini pozmağa yönəlmiş cəhdlərini diqqətlə izləyir.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.
Ərdoğan qeyd edib ki, Pakistanın səyləri nəticəsində əldə olunan razılaşma sayəsində dünyada gərginlik müəyyən qədər azalıb.
“Son günlər beynəlxalq mətbuatda yayılan xəbərlər tərəflərin danışıqlar prosesində üzləşdiyi çətinlikləri göstərir. Bölgəmizdə gərginliyin azaldılmasına və problemlərin diplomatik yollarla həllinə xidmət edən hər bir addımı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. İsrail rəhbərliyinin razılaşmanı pozmağa yönəlmiş təxribatlarını diqqətlə izləyirik. Siyasi mövcudluğunu bölgədəki münaqişələrin davam etməsi ilə əlaqələndirən sionist qüvvələr hazırda xüsusilə Livan və Suriyada fəallığını artırıb”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan bildirib ki, “İsrailin işğalçı qüvvələrinin Qəzzada məzlum insanlara qarşı həyata keçirdiyi qeyri-insani hücumlar dayandırılmalıdır”.
“Bölgənin barıt qoxusuna və qan içində boğulmasına imkan verməməliyik. Türkiyə bölgədə dinindən asılı olmayaraq bütün insanların sülh və təhlükəsizlik şəraitində yaşadığı bir mühitin formalaşmasını istəyir. Bu baxımdan xüsusilə bir məqamı vurğulamaq istəyirəm: Region ölkələrinin iradəsinə və yardımına əsaslanmayan heç bir həll uzunömürlü ola bilməz. Bölgəmizdə sülhü, sabitliyi və rifahı gücləndirmək üçün qardaş ölkələrimizlə, xüsusən də Pakistanla həmrəylik içində işləməyə davam edəcəyik”, – deyə o əlavə edib.
Türkiyə lideri sonda bildirib ki, ölkəsi bölgədə sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi naminə, xüsusilə qardaş Pakistanla həmrəylik şəraitində fəaliyyətini davam etdirəcək.
Bizimyol.info






