Dünyanın müxtəlif ölkələrində iş və şəxsi həyat balansını yaxşılaşdırmaq məqsədilə 4 günlük iş həftəsi modeli getdikcə daha çox tətbiq edilir.
Bizimyol.info xəbər verir bki, bu sistem hələlik heç bir ölkədə bütün əmək bazarı üçün məcburi olmasa da, bir sıra dövlətlərdə uğurlu nəticələr verib.
Belçika 2022-ci ildən işçilərə həftəlik 38 saatlıq iş yükünü 5 gün əvəzinə 4 günə bölmək imkanı yaradıb. Böyük Britaniyanda keçirilən genişmiqyaslı sınaqdan sonra iştirakçı şirkətlərin 92 faizi yeni iş qrafikini qoruyub saxlayıb. İslandiya, İspaniya, Fransa, Yeni Zelandiya, Braziliya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya da müxtəlif formalarda bu modeli sınaqdan keçirir və ya tətbiq edir.
Məlumatlara görə, siyahıda ən az həftəlik iş saatı Niderlandda qeydə alınıb. Bu ölkədə insanlar orta hesabla həftədə 30,3 saat çalışırlar. Ən çox iş vaxtı isə Birləşmiş Ərəb Əmirliklərindədir – burada orta həftəlik iş yükü 52,6 saat təşkil edir.
Maaşlar arasında da ciddi fərqlər var. Siyahıda ən yüksək orta aylıq əməkhaqqı Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb. Burada orta aylıq maaş 10 710 dirhəm (təxminən 4 960 manat) təşkil edir. Yeni Zelandiya (təxminən 4 950 manat) və Fransa (təxminən 4 900 manat) da yüksək maaşlı ölkələr sırasındadır.
Ən aşağı orta aylıq əməkhaqqı isə Braziliyada müşahidə olunur. Bu ölkədə orta maaş 2 690 Braziliya realı və ya təxminən 810 manat təşkil edir.
Mütəxəssislər hesab edirlər ki, düzgün təşkil olunan 4 günlük iş həftəsi əməkdaşların məhsuldarlığını qorumaqla yanaşı, stress və peşəkar tükənmişliyi azaldır. Buna görə də yaxın illərdə bu modelə keçən ölkələrin sayının daha da artacağı gözlənilir.
Azərbaycanda hazırda 4 günlük iş həftəsi tətbiq edilmir. Əmək Məcəlləsinə əsasən, normal iş vaxtı həftədə 40 saat müəyyən edilib və əsasən iki istirahət günü olan beşgünlük iş həftəsi tətbiq olunur. İşin xüsusiyyətindən asılı olaraq bəzi müəssisələrdə altıgünlük iş həftəsi də nəzərdə tutula bilər. Hazırda ölkədə iş həftəsinin 4 günə endirilməsi ilə bağlı rəsmi qərar və ya qanunvericilik təşəbbüsü mövcud deyil.
Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, ölkə üzrə orta aylıq nominal əməkhaqqı isə 1 172,1 manat təşkil edir. Ən yüksək maaşlar əsasən neft-qaz, maliyyə, İT və aviasiya sektorlarında qeydə alınııb.
Bu sahələrdə rəhbər və yüksək ixtisaslı mütəxəssislərin aylıq əməkhaqqısı 5–10 min manatdan, bəzi hallarda isə 20 min manatdan da yuxarı ola bilər. Lakin bu məbləğlər üçün vahid rəsmi maksimum göstərici yoxdur.
Qadir, Bizimyol.info






