Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İPO ərəfəsində Elon Maskın diqqəti Böyük Britaniya siyasətinə yönəlib
İPO ərəfəsində Elon Maskın diqqəti Böyük Britaniya siyasətinə yönəlib

Elon Mask sahibi olduğu "X" platformasında "SpaceX"in birjada ilkin kütləvi təklifi (IPO) ərəfəsində Böyük Britaniyada irq və immiqrasiya mövzularına şirkətindən təxminən iki dəfə çox diqqət ayırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin araşdırmasında qeyd edilib.

31 may–12 iyun tarixlərini əhatə edən araşdırmaya görə, Mask bu müddətdə irq və immiqrasiya ilə bağlı 303 paylaşım edib. Onların təxminən dörddə üçü Böyük Britaniya siyasəti ilə əlaqəli olub. Müqayisə üçün, o, eyni dövrdə "SpaceX" barədə, cavab və repostlar da daxil olmaqla, 114 paylaşım edib. Şirkətin səhmləri 12 iyunda Nasdaq birjasında ticarətə çıxarılıb.

Araşdırmanın əhatə etdiyi dövr Böyük Britaniyada gərgin hadisələrlə üst-üstə düşüb. Yeniyetmə Henri Novakın qətli ilə bağlı Vikrum Diqvaya hökm oxunmasından sonra sosial şəbəkələrdə "ağdərililərə qarşı ayrı-seçkilik" iddiaları yayılıb, ifrat sağçı etirazçılar polisə qarşı aksiyalar keçiriblər. Eyni vaxtda Belfastda da bıçaqlı hücumdan sonra iğtişaşlar baş verib.

Mask bu hadisələrlə bağlı çoxsaylı paylaşımlar edib, o cümlədən ABŞ, Fransa və Yaponiyadan istifadəçilərin mövzuya dair paylaşımlarını yenidən yayıb. Araşdırmaya görə, bu paylaşımların ən azı 20-si 10 milyondan çox baxış toplayıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer Maskı ölkənin daxili siyasətinə müdaxilə etməkdə və cəmiyyətdə parçalanmanı dərinləşdirməyə çalışmaqda ittiham edib.

Təhlildə qeyd olunur ki, IPO ərəfəsində "SpaceX" qeyri-peşəkar investorların da iştirakına geniş imkan yaradaraq 75 milyard dollar cəlb etməyi planlaşdırsa da, nəticədə 85,7 milyard dollar vəsait toplayıb.

London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Maykl Von bildirib ki, Maskın böyük maliyyə imkanları və ifrat sağçı fiqurlarla əlaqələri onun Avropa siyasətində təsirini artırıb. Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzi isə Maskın paylaşımlarının Rupert Lou və Tommy Robinson kimi şəxslərin məzmununa ümumilikdə 64 milyon əlavə baxış qazandırdığını açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »