Bu günlərdə isə avtovağzal ərazisində şəhərdaxili, şəhərlərarası dayanacaqların və Sumqayıt avtostansiyasının yerində tikinti işlərinin başlanması və dayanacaqların müvəqqəti olaraq başqa yerə köçürülməsi sərnişinlərin narazılığına səbəb olub. Müvəqqəti dayancaqla bağlı məlumat lövhəsinin olmaması və şəhərlərarası avtobuslar üçün dayanacağın yanacaq doldurmaq məntəqsinin ərazisinə təyin olunması sərnişinlərin şikayətinə əsas olub.
Məsələ ilə bağlı detallı bilgi almaq üçün avtovağzala yollandıq. Müşahidə etdik ki, ərazidə texnikalar işləyir, avadanlıqlar quraşdırılır, təmir-tikinti işləri aparılır.
Məsələ ilə bağlı kompleksin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bizə açıqlamasında bildirib ki, hazırda Avtovağzalda quruculuq və təmir-bərpa işləri aparılır: “Şəhərdaxili, şəhərlərarası dayanacaqların və Sumqayıt avtostansiyasının olduğu ərazidə yeni nəqliyyat-mübadilə mərkəzi tikilir. Həmin ərazidə təmir-bərpa işləri aparıldığı üçün dayanacaqlar müvəqqəti olaraq başqa yerə köçürülüb. Sərnişinlərin, piyadaların çətinlik çəkməməsi üçün Avtovağzalın sərnişindaşınma ilə məşğul olan əməkdaşları yeraltı keçidin, piyada keçidinin, metronun çıxışının yerini vətəndaşlara göstərirlər”.






