İki il əvvəl ölkədə doğum sayının son 70 ildə ilk dəfə 102 min nəfərdən az olması müəyyənləşəndə cəmiyyət böyük məyusluq yaşamışdı. Onsuz da proses buna aparırdı. İllərdir doğum sayı azalırdı. Son 20 il ərzində azalma 36 min nəfər olmuşdu. İş orasındadır, durum zamanla yalnız mürəkəbbləşir.
Bizimyol.info bir müddət əvvəl yazmışdı ki, doğulanların və ölənlərin sayı tezliklə bərabərləşə bilər. Hadisələr yalnız bu istiqamətdə inkişaf edir. Ölənlərin sayında cüzi artım olsa da, doğulan xeyli az olur. Keçən ilin ilk yarısında 46 min 437 körpə doğulmuşdu. 2024-cü ilin eyni dövründə göstərici 5 min 60 nəfər çox olmuşdu. Bu ilin yanvar-iyun aylarında isə cəmi 41 min 153 körpə dünyaya gəlib.
Aylıq göstərici 7 min nəfərə çatmır. Ölənlərin sayı 5 min nəfərə qədər olur. Göründüyü kimi, ümumi proses yaxın gələcəkdə heç bir artımın olmayacağına işarə vurur.
Birləşmiş Millətlər Təşkilatının proqnozları onsuz da nikbin deyildi. Hesab olunur ki, əsrin sonuna qədər Azərbaycan əhalisi 11 milyon nəfərə çatmayacaq. 2026-cı ilin aprelində sayın 10 milyon 239 min 94 nəfər olduğu bildirilmişdi. İndiki şərtlərlə illik artım 23-24 min nəfər civarında ola bilər. Halbuki çox da uzaq olmayan keçmişdə artım dəfələrlə çox olurdu. Məsələn, 2016-cı ildə 159,4 min doğum, 56,6 min ölüm qeydə alınmışdı. Yəni artım 103 min nəfərə yaxınlaşırdı. İndi beş dəfəyə yaxın azalmadan danışmalı oluruq.
Nə çarə qılmaq olar? Ciddi sosial proqramlara ehtiyac var. Xüsusilə uşaq ölümlərinin sayı çoxdur. Nikahların sayı kəskin azalıb. Gələcək nəslin qayğısına qalmaq lazımdır. Gənc ailələr özünü kimsəsiz hiss etməməlidir. Gənclər ailə həyatı qurmağa çəkinməməlidir. Əmin olmalıdırlar ki, dövlət qurumları həmişə dəstək olacaq. İndiki şərtlərlə isə yalnız doğum sayının azalmasını gözləyə bilərik.
Aytən, Bizimyol.info






