Ermənistan tarixində ilk dəfə olaraq Pakistana səfir təyin edib.
Bizimyol.info xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçatryanın fərmanına əsasən, bu vəzifəyə Karen Qriqoryan gətirilib. O, eyni zamanda Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiridir və yeni vəzifəsini paralel şəkildə icra edəcək. Səfirin iqamətgahı Əbu-Dabidə qalacaq.
Bu təyinat 30 ildən artıq müddətdə diplomatik münasibətlər saxlamayan iki ölkə arasında yaxınlaşma prosesinin davamı kimi qiymətləndirilir. İndiyədək münasibətlərin qurulmasına əsas maneə Pakistanın Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi idi. Lakin son illərdə Cənubi Qafqazda sülh prosesinin irəliləməsi fonunda vəziyyət dəyişməyə başlayıb.
Bu addım Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin inkişafı istiqamətində atılan növbəti addım hesab olunur. Tərəflər 2025-ci ilin avqustunda Şanxay Əməkdaşlıq Təşkilatının Tyançzində keçirilən sammiti çərçivəsində diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalayıblar.
İrəvan hesab edir ki, Pakistanda diplomatik təmsilçiliyin yaradılması iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə, həmçinin regional dialoqun inkişafına töhfə verəcək.
Bizimyol.info






