Türkiyə Ukrayna münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlara dəstək verməyə və vasitəçilik etməyə hazırdır. Lakin Ankara yaxın vaxtlarda tərəflər arasında dialoqun bərpa olunacağını gözləmir.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Fidanın sözlərinə görə, Türkiyə münaqişənin başa çatdırılması məqsədilə aparılacaq danışıqlara kömək etmək niyyətindədir. Bununla belə, o hesab edir ki, yaxın gələcəkdə danışıqlar prosesinin yenidən başlaması real görünmür.
“Bizim üçün əsas məsələ hər iki tərəfin sülhə nail olmaq istiqamətində real və səmimi iradə nümayiş etdirməsidir. Hələki tərəflərin, dialoqu bərpa etmək üçün davamlı cəhdlərini müşahidə etmirik”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, Hakan Fidan bu yaxınlarda Rusiyaya səfər edib. Səfər çərçivəsində o, iyunun 17-də Kazanda Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.
Moskvada isə Türkiyənin xarici işlər naziri Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi və Ukrayna üzrə baş danışıqçısı Vladimir Medinski, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov, eləcə də Prezidentin müşaviri İqor Levitinlə görüşlər keçirib.
Həmin səfər zamanı Hakan Fidan Türkiyənin gələcəkdə də Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib və diplomatiyaya qayıdışın Ankara üçün əsas prioritet olduğunu vurğulayıb.
Bizimyol.info






