Türkiyə 2026-cı il iyulun 1-dən etibarən Bosfor və Dardanel boğazlarından tranzit keçən beynəlxalq gəmilər üçün tətbiq olunan rüsumu artırıb. Yeni tarifə əsasən, xalis ton üzrə ödəniş 5,83 ABŞ dollarından 6,70 ABŞ dollarına yüksəldilib.
Qərarın məqsədi Montrö Konvensiyası çərçivəsində boğazlarda göstərilən xidmətlərin dəyərinin yenilənməsi və xərclərin qarşılanmasıdır. Bu dəyişiklik Qara dəniz marşrutu ilə yükdaşımaların logistika xərclərinə və region ölkələrinin ticarət əməliyyatlarına müəyyən təsir göstərə bilər.
- Bosfor və Dardanel boğazlarından keçid rüsumlarının artırılması Azərbaycanın xarici ticarət və tranzit imkanlarına uzunmüddətli perspektivdə necə təsir göstərə bilər?
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qərarı düzgün qiymətləndirmək üçün ilk növbədə 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış Montrö Konvensiyasının mahiyyətinə diqqət yetirmək lazımdır.
"Bu konvensiya Bosfor və Dardanel boğazları, eləcə də Mərmərə dənizində gəmiçilik rejimini tənzimləyir. Sənədə əsasən, sülh dövründə ticarət gəmilərinin boğazlardan sərbəst keçid hüququ qorunur. Eyni zamanda Türkiyəyə mayak, naviqasiya, xilasetmə, sanitariya və digər xidmətlərə görə rüsum toplamaq hüququ verilir", – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində tətbiq olunan tariflər artıq boğazların idarə olunması, təhlükəsizliyin təmin edilməsi və infrastrukturun saxlanması üçün çəkilən real xərcləri ödəmirdi.
"Əvvəlki rüsumlar aşağı səviyyədə saxlanılırdı və bu, əsasən beynəlxalq gəmiçiliyin maraqlarına xidmət edirdi. Lakin Türkiyənin üzərinə düşən xərclər artdığı üçün xidmət tariflərinin yenilənməsi qaçılmaz idi. Ona görə də bu qərarı boğazlardan keçid azadlığının məhdudlaşdırılması kimi deyil, Montrö Konvensiyasının Türkiyəyə verdiyi hüquqlar çərçivəsində xidmət haqlarının yenilənməsi kimi qiymətləndirmək lazımdır", – deyə Asif İbrahimov vurğulayıb.
İqtisadçı hesab edir ki, qərarın Azərbaycan üçün qısamüddətli iqtisadi təsiri ciddi olmayacaq.
"Boğazlarda tətbiq olunan xidmət rüsumları ümumi logistika xərclərinin çox kiçik hissəsini təşkil edir. Yükdaşımaların maya dəyərinə daha çox yanacaq qiymətləri, sığorta haqları, fraxt tarifləri, liman xidmətləri və qlobal logistika bazarındakı dəyişikliklər təsir göstərir. Bu baxımdan tarif artımının məhsulların yekun qiymətinə ciddi təsir edəcəyini gözləmirəm", – deyə o bildirib.
Bununla belə, iqtisadçı uzunmüddətli perspektivdə müəyyən təsirlərin mümkün olduğunu da istisna etmir.
"Əgər xidmət tarifləri uzun müddət yüksək səviyyədə qalarsa, Qara dəniz marşrutu üzrə yükdaşımaların maya dəyərinə təsir göstərə bilər. Bu isə bəzi məhsulların ixrac və idxal xərclərinin artmasına, eyni zamanda alternativ nəqliyyat dəhlizlərinə marağın yüksəlməsinə səbəb ola bilər", – deyə o vurğulayıb.
Asif İbrahimovun fikrincə, Azərbaycan üçün əsas prioritet boğazlarda tarif artımı deyil, ölkənin tranzit imkanlarının daha da gücləndirilməsidir.
"Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, tranzit prosedurlarının rəqəmsallaşdırılması və logistika xərclərinin optimallaşdırılması bu kimi xarici təsirlərin minimuma endirilməsinə imkan verəcək. Qlobal logistika xərclərinin artdığı bir dövrdə Azərbaycanın əsas üstünlüyü rəqabətqabiliyyətli nəqliyyat və logistika sistemi qurmaqdan keçir", – deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






