Türkiyədə NATO əleyhinə keçirilən etiraz aksiyaları alyansın ölkə daxilində hələ də müzakirə mövzusu olduğunu göstərir.
Bununla yanaşı, tarixi faktlar göstərir ki, Türkiyə Soyuq müharibənin ilk illərində SSRİ-dən qaynaqlanan təhlükəsizlik riskləri fonunda 1952-ci ildə NATO-ya üzv olub. Bundan əvvəl Koreya müharibəsində göstərdiyi hərbi dəstəklə etibarlı müttəfiq kimi tanınan Ankara alyansa qəbul edilib və bunun ardınca kollektiv müdafiə təminatları əldə edib. Məhz bu səbəbdən NATO üzvlüyü Türkiyənin təhlükəsizlik strategiyasında və dövlət müstəqilliyinin qorunmasında mühüm amillərdən biri kimi qiymətləndirilir.
Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasına bildirib ki, Türkiyə, məlum olduğu kimi, 1952-ci ildən, yəni təxminən 75 ildir ki, NATO-nun üzvüdür. Ordu gücü baxımından alyansın ikinci, iqtisadi və siyasi potensialına görə isə dördüncü ən böyük dövlətlərindən biri hesab olunur. Bu müddət ərzində Türkiyə NATO-ya mühüm töhfələr verib. Lakin Ankara gözlədiyi bir sıra dəstəyi və üstünlükləri tam şəkildə əldə edə bilməyib.
“Son illərdə ABŞ-ın rəqib dövlətlərə qarşı tətbiq etdiyi CAATSA sanksiyaları Türkiyəyə də şamil olunub. Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyə F-35 qırıcı proqramından çıxarılıb. Bundan əlavə, Türkiyə hesab edir ki, PKK və FETÖ kimi terror təşkilatları NATO ölkələrində fəaliyyət göstərmək və müəyyən imkanlar əldə etmək imkanı tapıblar”-politoloq deyib.
Onun sözlərinə görə, bununla belə, Türkiyə cəmiyyətində NATO-dan çıxmağı dəstəkləyən geniş ictimai rəy mövcud deyil. Belə mövqeni əsasən sol yönümlü marjinal siyasi qruplar ideoloji səbəblərlə müdafiə edirlər: “Bu baxımdan keçirilən etiraz aksiyaları cəmiyyətin böyük əksəriyyətinin mövqeyini əks etdirmir.
Eyni zamanda, Türkiyə dövlətinin də NATO-dan çıxmaq niyyəti yoxdur. Çünki belə bir addım atılacağı təqdirdə, Türkiyənin maraqlarına zidd hesab etdiyi bəzi ölkələrin, o cümlədən Cənubi Kiprin alyans daxilində mövqeyinin daha da güclənməsi ehtimalı yarana bilər. Bu səbəbdən Ankara öz maraqlarını qorumaq və NATO-nun qərar qəbuletmə mexanizmlərində təsir imkanlarını saxlamaq üçün alyans daxilində qalmağı daha məqsədəuyğun hesab edir”.
Politoloqun fikrincə, məhz bu baxımdan da 28 iyul tarixində keçiriləcək NATO zirvəsinin Türkiyənin alyansın qərar qəbuletmə prosesində daha fəal iştirakına əlavə imkanlar yaradacağı gözlənilir.
O vurğulayıb ki, nə Türkiyə ictimaiyyətində NATO-dan çıxmaq tələbi geniş yayılıb, nə də rəsmi Ankaranın bu istiqamətdə hər hansı siyasi niyyəti mövcuddur.
İradə Cəlil, Bizimyol.info






