Neft-qaz sektoruna daxil olmayan məhsullar arasında tütünün özünəməxsus yeri var. Son illər bu sahədən gözləntilər artıb. İllik məhsuldarlıq 7 min tonu keçəndə xeyli nikbin fikirlər səslənir. Amma tütün sektorunda problemlər çoxdur. Hər şeydən əvvəl satışla bağlı çatışmazlıqlar var. Tütün sahələri də azalmağa başlayıb.
Bizimyol.info xəbər verir ki, 2025-ci ildə Azərbaycandan xaricə 67,4 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzedicisi ixrac olunub. İxrac bir il əvvəllə müqayisədə 19 faiz artıb. Ölkəyə 10,7 milyon dollar daha çox pul gəlib. Ümumiyyətlə, tütün sənayesinin ölkəyə gətirdiyi vəsait 50 milyon dolları keçir.
Aşkar görünür ki, bu sahə ölkəyə daha böyük pullar gətirə bilər. Amma sahibkarların problemləri çoxdur. Hər şeydən əvvəl ixrac çətinlikləri var. Onlar istehsal xərclərinin yüksək olduğunu deyirlər. Bu məsələdə köməyə ehtiyac duyurlar. İstehsal xərcləri böyük olduğundan, məhsulu satmaq da sərf etmir. Onsuz da dünyada qiymətlər aşağı düşüb.
Əkin sahələri çox azalıb. Çünki mal anbarlarda sıradan çıxır. Fermerlər dövlət dəstəyinin vacibliyindən danışır. Məhsulun xaricə satılmasında kömək çox vacibdir. Ən azı yeni bazarlar tapılmalı, sahibkarları, fermerləri, eyni zamanda kəndliləri çətin vəziyyətdən çıxarmaq lazımdır. Nəzərə almaq gərəkdir ki, tütün ölkənin 9 rayonunda əkilir və həmin bölgələrdə kəndlilər gözünü buradakı qazanca dikir.
Dünyada həm də böyük rəqabət var. Məsələn, İranda istehsal xərcləri az olduğundan, əsas müştərilər bu ölkəyə üz tutur. Bizim ölkədə sahibkar təkbaşına vuruşmalı olur. Dövlətin daha bir dəstəyi xammalın yerli bazardan alınması ola bilər.
Sahibkarlar çox çətin durumla üz-üzə qalıb. Böyük kredit yükü vəziyyəti bir az da mürəkkəbləşdirir. İxrac imkanları məhduddur. Bu sahəyə çox ciddi yanaşmaq lazımdır. Tütün ölkə iqtidadiyyatının gələcəyi üçün də çox əhəmiyyətli məhsuldur. Unutmayaq ki, neft-qaz dövrünün ömrünə çox qalmayıb. Biz məhz belə sektorlara diqqət ayırmalıyıq.
Aytən, Bizimyol.info






