Bir neçə gün əvvəl sosial şəbəkələrdə içməli suyun ayrı-ayrı ölkələrdəki keyfiyyət göstəricisini ortaya qoyan cədvəl xeyli paylaşılmışdı. Buradan məlum olurdu ki, Azərbaycan bu istiqamətdə autsayderlər qrupunda yer alır. Bizim ölkədə içməli suyun keyfiyyəti çox aşağıdır. Bu göstəriciyə görə Afrikanın, Asiyanın adını çox eşitmədiyimiz ölkələri ilə bir cərgədəyik.
Bizimyol.info xəbər verir ki, ölkə su təsərrüfatının məsul qurumlarının sosial platforma hesablarında şikayətlər həmişə çox olur. Suyun keyfiyyətsizliyini qeyd edənlərin çoxluğu daim diqqət çəkir. İri Şəhərlərin Su Təchizatı Xidməti paylaşımların əksərində rəy bölümünü bağlayır. Çünki bağlamayanda şikayətlətin ardı-arası kəsilmir.
Mürsəl Nəsirov yazır ki, Biləcəridə iki gündür susuz qalıblar. Ceyhun Ələsgərov işin təşkilinin çox bərbad olduğunu qeyd edib. Amma xidmətin səhifəsində şikayətlərə əhəmiyyət verilmir. Hərçənd, qurumun formalaşdığı ilk günlərdə vəziyyət fərqli idi. İri Şəhərlərin Su Təchizatı Xidmətinin rəsmi səhifəsində şikayətçilərdən problemin nədə olduğu soruşulurdu. Zamanla onların gileyinə laqeyd yanaşmağa başladılar. İndi rəy bölümünü bağlamaq ən yaxşı çıxış yolu sayılır. Əsas odur, susuz qalanların səsi eşidilməsin.
Sentyabrın 16-da Lökbatan qəsəbəsində suyun kəsilməsi sakinlərin ciddi narazılığına səbəb olmuşdu. Təhsil mövsümünün ilk günü belə problem yaranmasını insanlar qəzəblə qarşılamışdı. İri Şəhərlərin Su Təchizatı Xidməti saat 16:00-a qədər suyun verilməsinin bərpa olunacağını bildirmişdi. Amma axşam saatlarında yazılan rəylər vədə əməl olunmadığını göstərirdi.
Rəcəb Əlizadə Sumqayıtdakı durumdan şikayətlənib. Onun iddiasına görə, mənzilinə verilən sudan taxta qırıntıları çıxır. Böyük ehtimalla deşilən boruları qaydasına salmaq üçün taxta parçalarından istifadə olunur, bu da içməli suya qarışır.
Su təsərrüfatının işi bərbad vəziyyətdədir. Problemləri yazmaqla qurtarmır. Dövlət Su Ehtiyatları Agentliyi xaricdən ən çox kredit alınmasına səbəb olan qurumlardandır. Dövlət agentliyə görə dayanmadan borclanır, qurum da problemi primitiv üsullarla həll etməyə çalışır.
Aytən, Bizimyol.info






