Son günlər Türkiyədə Suriyadan gələnlərə qarşı aksiyalar keçirilir. Türkiyədə suriyalıların haqları qorunur. Suriyalılara özəl xəstəxanalar, mağazalar və s. mövcuddur. Bu, Türkiyənin xarici siyasəti ilə bağlı məsələ olsa da, suriyalıların Türkiyədə "çoxluğu" yerli vətəndaşları narahat edir. Və maraqlısı budur ki, suriyalıların Türkiyədə yerli əhalidən daha yaxşı həyat şərtlərinə sahib olduqları iddia olunur.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə hadisələrin qığılcımı Kayseri şəhərində yaşayan suriyalının daha bir suriyalı qaçqın uşağa cinsi qısnama etməsi iddiasının yayılması ilə alovlanıb.
Kərəm Qarabulud“Bildiyiniz kimi, Türkiyə hazırda dünyada ən çox qaçqın olan ölkədir. Bu qaçqınlar arasında Suriyalılar təxminən 3,6 milyon nəfərlə birinci yerdədir. Bu vəziyyətin 2011-ci ildən davam etməsi yerli vətəndaşlar üçün vaxtaşırı narahatlıq yarada bilər. Bu vəziyyətdən sui-istifadə edən təxribatçılar Türkiyə ilə Suriya arasında münasibətlərin yaxşılaşma əlamətlərini göstərdiyi ərəfədə həm Türkiyə, həm də Suriya tərəfində hadisələri qızışdırırlar”-deyən professor bildirib ki, müəyyən bir problem olsa da, Türkiyə kimi böyük və qüdrətli bir ölkənin qısa zamanda "suriyalı qaçqın" problemini həll edəcəyini söyləmək olar.
Kərəm Qarabuludun sözlərinə görə, gələcəkdə baş verə biləcək təxribatlara qarşı diqqətli addımlar atılmalıdır.
“Gələcək dövrlərdə, xüsusilə süni intellektdən istifadə edərək baş verməmiş hadisələri belə olmuş kimi göstərərək ictimai qarışıqlığa səbəb ola bilərlər. Bu səbəbdən, Türkiyə və Suriya tərəfindəki insanların düzgün kanallarla məlumatlandırılması və lazımi tədbirin görülməsi vacibdir”-deyə professor əlavə edib.
İradə Cəlil, Bizimyol.info






