Tədqiqatçılar zəlilərdən ilhamlanaraq insanlarda qan toplamasını asanlaşdıracaq yeni cihaz hazırlayıblar.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsveçrə Federal Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış vantuz formalı cihaz xəstənin yuxarı qoluna və ya kürəyinə yerləşdirilir.
Sorma kuboku formalı qabın içərisində kənardan yüngül təzyiq tətbiq edildikdə dəriyə nüfuz edən mikro iynələr var. Beləcə cihaz sözün əsl mənasında damarlardan qanı qısa müddətdə əmərək qaba doldurur.
"Advanced Science" jurnalında dərc edilən araşdırmada cihazın qiymətinin çox aşağı olduğu, buna görə də malyariya kimi xəstəliklərlə mübarizə aparan yoxsul Afrika ölkələrində effektiv şəkildə istifadə oluna biləcəyi vurğulanıb.
Bundan əlavə, konteynerin içindəki mikro iynələr ümumiyyətlə qan toplamaqda istifadə olunan böyük iynələrlə müqayisədə yaralanma riskini minimuma endirir.
Elm adamları, əslində cihazı başqa bir araşdırmaya əsaslanaraq dizayn etdiklərini söyləyiblər. Akademiklər, bəzi dərmanları ağızın içini örtən selikli qişa vasitəsilə qana daşıyan bir vantuz hazırlayarkən, belə bir cihazın qan toplama prosedurlarında istifadə edilə biləcəyini də anladıqlarını qeyd ediblər. Tədqiqatçılardan David Klein, bu əvvəlki layihədə zəlilərin necə qan udduğunu araşdırdıqlarını və cihazı bu modelə uyğun hazırladıqlarını söyləyib.
2,5 santimetrlik qabın xarici hissəsi silikondan, mikro iynələr isə poladdan hazırlanıb. Bununla belə, tədqiqatçılar gələcəkdə onu tamamilə təkrar istifadə edilə bilən materiallardan istehsal etməyi hədəfləyirlər.
Hələlik alimlər cihazı yalnız donuzlar üzərində sınaqdan keçiriblər. Akademiklər layihəni genişləndirməyi və bu qan əmicilərini insanlar üzərində sınaqdan keçirməyi planlaşdırdıqlarını bildirdilər.
Qadir, Bizimyol.info






