"Azərbaycan Respublikasında boşanma zamanı məhkəmə tərəfindən həll olunan məsələlərdən biri də tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü məsələsidir. Boşanma prosesi zamanı daha çox bu sahədə müəyyən problemlər yaşanır. Əmlak bölgüsü boşanmanın tərəfləri ər-arvad tərəfindən boşanma prosesində də həyata keçirilə bilər. Və ya boşanmadan sonra birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı prosesdə də həyata keçirə bilərlər. Tərəflər arasında nikah müqaviləsinin bağlanması ən gözəl çıxış yoludur. Ancaq nikah müqaviləsinin bağlanmaması onların əmlaksız qalmağına da gətirib çıxarmır".
Bu barədə Bizimyol.info xəbər portalına hüquqşünas Ramil Süleymanov danışıb. Hüquqşünas qeyd edib ki, tərəflər arasında əmlak münasibətləri Azərbaycan Respublikasının Ailə və Mülki Məcəlləsinə uyğun həll olunur.
Ramil Süleymanov / Foto: Bizimyol.info“Nikaha daxil olana qədər kimin nə əmlakı var idisə, bu da onların boşanma prosesində mübahisəsiz əmlakı hesab olunur. Yəni bu boşanma predmeti sayıla bilməz. Əgər tərəflər nikahda olduqları zaman hədiyyə şəklində əmlaklar qəbul edibsə, (bura daşınar və ya daşınmaz əmlakları aid etmək olar) bu da boşanma zamanı bölünmə predmeti sayılmır.
Bilirsiniz ki, bizdə el adətidir, gəlinlərə toydan öncə qızıl-zinət əşyaları verilir. O cümlədən, oğlana nişan üzüyü formasında qızıl əşya təqdim olunur. Bu əşyalar tərəflər arasında nikah pozulan zaman onların özlərində qalmalı olan əşyalardır və bölünmür.
Bəzən olur ki, qaynanalar gəlinlərin əllərindən həmin qızılları alır ki, "gəlin bu qızılı haqq etmir", "bu zinət əşyalarına haqqı çatmır" və s və ilaxır. Bu, əsla və əsla yolverilməz bir haldır. Çünki hədiyyə şəklində verilib və bu əşya artıq gəlinin əmlakı hesab olunur”-deyən hüquqşünas bildirib ki, nəticə etibarilə bu gün məhkəmələrin icraatında qızıl-zinət əşyalarının tələbi ilə bağlı iddialar çoxdur.
Hüquqşünas vurğulayıb ki, Azərbaycan Respublikasında Ailə Məcəlləsi və Mülki Məcəllənin müddəalarında qeyd olunur ki, birgə təsərrüfatın idarə olunması, onların nikahlarının davam etdiyi müddətdə əldə etdikləri bütün əmlaklara yəni birgə nikahdan əldə olunmuş bütün əmlaklara şamil olunur.
Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?
Mövzu ilə bağlı Ramil Süleymanovun Bizimyol.info xəbər portalına verdiyi xüsusi müsahibəsinə saytımızın rəsmi YouTube kanalında baxa bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






