Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Asiya Azərbaycanın vasitəsilə Avropaya bağlanacaq, hərbi və siyasi zəfərdən sonra iqtisadi zəfər gələcək"
"Asiya Azərbaycanın vasitəsilə Avropaya bağlanacaq, hərbi və siyasi zəfərdən sonra iqtisadi zəfər gələcək"

"1991-ci ildə Azərbaycan Respublikası SSRİ-dən ayrılanda çox çətin günlər yaşadı. Azərbaycan iqtisadi olaraq yoxsul idi. Həm də siyasi çalxantılar çox idi. Bu vəziyyətdə 1993-cü ildə Azərbaycanın lideri olan ümummilli lider Heydər Əliyev, (Azərbaycanın "Atatürk"ü olaraq adlandırıram), bütün bu mənfi şərtləri ələ alaraq, ölkədə siyasi istiqrarı bərqərar etdi. Siyasi istiqrarın yaranması nəticəsində Azərbaycan iqtisadiyyatı da düzəldi. İqtisadiyyatda belə bir qayda var ki, siyasi istiqrar ilə iqtisadi istiqrar doğru mütənasibdir".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor bildirib ki, Heydər Əliyev liderlik özəlliklərini istifadə edərək, 1993-dən 2003-ə qədər yaratdığı Azərbaycanı bu dövrdə ermənilərin işğal etdiyi torpaqlarda da çox münaqişəyə salmadan və eyni zamanda dünya ölkələri ilə də tam tarazlıq siyasəti yeridərək, ölkəni həmin çətin dövrdən çıxarmağı planladı və buna böyük ölçüdə müvəffəq oldu. O, Türkiyə ilə də çox ciddi münasibət yaratdı. Türkiyə üçün neft və qaz paylarının artırılması və “tək millət, iki dövlət” siyasətini tam mənada həyata keçirməsi çox möhtəşəm nəticələrə səbəb oldu. Eyni zamanda Azərbaycan zəif günlərindən çıxaraq özünü topladı və 2020-ci ildə əldə olunan zəfərə gedən dövrün bünövrəsi hazırlandı.

Kərəm Qarabulud hesab edir ki, eyni siyasətlər Azərbaycanın güclü və ağıllı lideri İlham Əliyev dövründə də davam etdirildi.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Daha əvvəl Türkiyə Cümhuriyyətinin dövlət başçıları ilə Heydər Əliyev zamanında təşkil olunan tərəfdaşlıq dərinləşdirilərək, 2020-ci ildə 30 ildir işğal altında olan Qarabağın erməni işğalından qurtarılmasıyla İlham Əliyevə “Qarabağ qəhrəmanı” rütbəsi verilməsi yerində oldu. Bu dövrdə hər iki liderin Türkiyə ilə olan münasibətlərini yaxşılaşdırması, neft və qaz xəttləri, dəmiryolu layihələrinin reallaşdırmaları, həm Türkiyəyə, həm də Azərbaycana çox böyük fayda vermişdir. Qarabağ zəfərindən sonra da Zəngəzur koridorunun açılacaq olması və Qars-İğdır-Naxçıvan dəmiryolu ilə Türkiyə və Avropaya bağlanacaq olması Azərbaycanı gələcək dövrlərdə daha da yüksəldəcək”-deyə Qarabulud bildirib.

Professor vurğulayıb ki, qeyd edilən inkişaf 7 fevral 2024-cü ildə reallaşdırılacaq olan seçkidə, güclü və ağıllı lider İlham Əliyevin çox böyük bir səs faizi ilə qələbə qazanacağını göstərən vacib göstəricilərdir.

“Xüsusilə, İlham Əliyevin Avropadakı tədbirlərin birində ermənilərin Türkiyənin iştirak etmədiyi bir tədbirdə Türkiyə əleyhinə çıxışlar zamanı “burada Türkiyə olmasa da, mən varam” deməsi Türkiyə içində yaşayan bütün xalqlar arasında çox böyük rəğbətlə qarşılanmış və Azərbaycana qarşı sevgini qat-qat artırmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu, Başkomandan Qazi Marşal Mustafa Kamal Atatürkün belə bir sözü var ki, “siyasi və hərbi zəfərlər nə qədər böyük olarsa olsun, iqtisadi zəfərlərlə taclandırılmasa, qalıcı olmaz və qısa müddətdə sönər”. Qarabağdakı siyasi və hərbi zəfərdən sonra Azərbaycan da iqtisadi zəfərə doğru irəliləyir”-deyə Kərəm Qarabulud vurğulayıb.

Professor bildirib ki, bu gün Azərbaycan ümumi daxili məhsulu 70 milyard dollara çıxarmışdır və hardasa adambaşına 7000 dollarlıq bir gəliri var. Bu, Azərbaycanın iqtisadi zəfərini tamamlamaq istədiyini və tamamlama yolunda irəlilədiyini göstərir.

Kərəm Qarabuludun fikrincə, Qarabağın tam inşa edilməsilə, Azərbaycan iqtisadiyyatına hər il hardasa 10 milyard dollarlıq qatqı olacaq.

“Bütün bunlar Azərbaycanın bundan sonra da, iqtisadi zəfərini davam etdirəcəyini və bu səbəblərlə də 7 fevral seçkilərində İlham Əliyevin xalqından çox böyük bir dəstək alacağını düşünürəm”-deyən professor vurğulayıb ki, son aylarda Türkiyə ilə Azərbaycanda universitet qurulması məsələsinin gündəmə gəlməsi və hər iki ölkə liderinin bu məsələdə qərar verməsi də böyük bir addımdır. Qurulacaq universitetin inkişaf etmiş texnologiya universitetinə çevrilməsi ilə Qafqazın və bölgənin parlayan ulduzu olan və “bir millət, iki dövlət” olduğumuz Azərbaycan xalqı və hakimiyyəti üçün gələcək gözəl günlər görünməkdədir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »