Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibi Blinken prezident Ərdoğan və nazir Fidanla görüşüb
ABŞ dövlət katibi Blinken prezident Ərdoğan və nazir Fidanla görüşüb

ABŞ dövlət katibi Antoni Blinken Türkiyə və Yunanıstanın da daxil olduğu Yaxın Şərq turu çərçivəsində Qəzzada baş verənləri müzakirə etmək üçün dünən axşam İstanbula gəlib.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında yer alan yazıya görə, görüş zamanı Qəzzadakı müharibə, humanitar böhran, İsveçin NATO-ya qəbul prosesi, ikitərəfli və regional məsələlər müzakirə edilib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan Blinkenlə görüşündə Türkiyənin ABŞ-dan "F-16" alış prosesinin tamamlanmasını gözlədiyini, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarın Türkiyə Böyük Millət Məclisinə göndərildiyini bildirib.

İki nazir Qəzzada davam edən insan faciəsini dəyərləndirərkən, nazir Fidan İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkib və dərhal atəşkəs elan edilməsi, Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılmasının lazım olduğunu vurğulayıb. Nazir Fidan iki dövlətli həll üçün danışıqların mümkün qədər tez başlaması ilə bağlı çağırış edib.

Qara dənizdə gərginliyin arzuolunmadığını deyən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması istiqamətində Türkiyənin səylərini də qeyd edib.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin malikanəsindəki görüşdən sonra ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

Vahdettin Köşkündə bağlı qapılar arxasında keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk də iştirak edib.

Blinken, İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri bölgəyə dördüncü turuna çıxıb. İlk dəfə bölgə turu çərçivəsində İstanbula gələn Blinkenin oradan Yunanıstana keçəcəyi gözlənilir.

Blinken Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edəcək və danışıqlar aparacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »