İstanbul məhkəməsi Türkiyədə İsrailin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərdən 15-i barəsində həbs qətimkan tədbiri seçib.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Bundan əvvəl prokurorlar 26 məhbusu Çağlayan Rayon Məhkəməsinə gətirib və onların “siyasi və hərbi casusluq” ittihamı ilə həbs qətimkan tədbiri seçilməsini istəyib. Hakim onlardan 15-i barəsində həbs qətimkan tədbiri seçib, qalan 11 nəfər isə məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıb. Daha 8 nəfər isə deportasiya olunmaq üçün miqrasiya orqanlarına təhvil verilib.
Yanvarın 2-də respublikanın səkkiz vilayətində həbslər baş verib. Türkiyə mətbuatının yazdığına görə, məhbuslar başqa şeylərlə yanaşı, fələstinlilərə və onların ailə üzvlərinə qarşı fəaliyyətlərdə istifadə edilib. İstintaq araşdırmaları müəyyən edib ki, tapşırıqların siyahısına məlumatların toplanması, obyektlərin və insanların müşahidəsi, foto və video çəkilişi, nəqliyyat vasitələrinə izləmə cihazlarının quraşdırılması, hücumlar, quldurluqlar, yanğınlar, təhdidlər və şantaj daxildir.
Tapşırıqlara həmçinin internet saytlarının yaradılması, dezinformasiyanın yayılması, "IP" ünvanlarının toplanması, müşahidə kameralarının sındırılması və Türkiyədə yaşayan əcnəbi vətəndaşların məlumat bazasının toplanması daxildir.
Mətbuat Türkiyə təhlükəsizlik qüvvələrinin 2021-ci ildən İsrail kəşfiyyat xidmətinin agentləri və muzdluları ilə mübarizə apardığını bildirir. Verilən məlumata əsasən, hazırkı kampaniya sonuncu deyil, oxşar əməliyyatların davam edəcəyi bildirilir.
Qadir, Bizimyol.info






