Şimali Kipr Türk Cuhmuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Ağsaqqallılar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Bizimyol.info xəbər verir ki, qəbulda Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu və xarici işlər naziri Tahsin Ərtoğruloğlu da iştirak edib.
Yıldırım çıxışında Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmağın ŞKTC üçün tarixi bir hadisə olduğunu qeyd edərək, bunun embarqo və təcridlərin aradan qaldırılması üçün vacib olduğunu vurğulayıb. Prezident Ersin Tatarın bu üzvlük üçün ciddi səylər göstərdiyini deyən Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdəki səylərinə diqqət çəkib.
Tatarın TDT zirvəsində tarixi bir çıxış etdiyini deyən Yıldırım, TDT-nin bu üzvlüklə böyük qazanclar əldə etdiyini və təşkilatın Aralıq dənizinə bir qapısı olduğunu qeyd edib.
Bərabər suverenliyə əsaslanan iki dövlətli həllin yeganə yolu olduğunu qeyd edən Yıldırım, ŞKTC-nin yaşadığı ədalətsiz zülmə diqqət çəkib.
Prezident Ersin Tatar çıxışında TDT-yə üzvlüyün ŞKTC üçün bir mərhələ olduğunu bildirib. TDT ilə hər sahədə əməkdaşlığın olacağını və bunun Cuhmuriyyətin inkişafına böyük töhfə verəcəyini bildirən Tatar, bu müddətdə TDT ilə əlaqələrin də inkişaf edəcəyini bildirib.
Bu prosesə görə vətəni Türkiyəyə təşəkkürünü bildirən Tatar, Kiprdə razılaşmanın olacağı təqdirdə bunun yalnız ŞKTC-nin suverenliyinin və bərabərliyinin təsdiqi ilə mümkün olacağını qeyd edib və bunun milli siyasət olduğunu bildirib.
Tatar: "Vətənimiz Türkiyə ilə əlaqələrin kəsiləcəyi bir taleyə əsla boyun əyməyəcəyik", - deyib.






