Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azsaylı xalqların itirilməsi Rusiyaya baha başa gələ bilər"
"Azsaylı xalqların itirilməsi Rusiyaya baha başa gələ bilər"

Rusiyada yaşayan azsaylı yerli xalqların nümayəndələri müharibənin onların demoqrafik gələcəyi üçün ciddi risk yaratdığını bildirirlər.

Yakutiyada yerli xalqların hüquqları üzrə müvəkkil Konstantin Robbek bu icmalardan müharibəyə göndərilənlərin sayının dəqiq qeydə alınmadığını deyib.

Məlumata görə, bəzi etnik qrupların sayı onsuz da çox azdır və hətta məhdud insan itkisi belə onların mövcudluğuna təsir göstərə bilər. İctimai təşkilatlar səfərbərlik və itkilərlə bağlı məlumat toplamağa çalışsalar da, tam statistikaya çıxış əldə edə bilmirlər.

Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada yaşayan azsaylı yerli xalqların müharibəyə cəlb olunması onlar üçün böyük risk yaradır.

Onun sözlərinə görə, bu xalqlar həm say baxımından çox kiçik etnik qruplardır, həm də onların təbii artım göstəriciləri yüksək deyil. Buna görə də hərbi əməliyyatlara cəlb olunmaları ciddi fəsadlarla nəticələnə bilər.

“Rusiyanın şimalında, Sibirdə, tayqa zonalarında və Uzaq Şərqdə yaşayan bəzi xalqlar həmin sərt təbii şəraitdə yaşamağa uyğunlaşmış nadir icmalardır. Yerli rus əhalisi və ya ölkənin daha cənub bölgələrində yaşayan başqa etnik qruplar bu ərazilərdə eyni səviyyədə məskunlaşmağa meyilli deyillər. Bu baxımdan həmin xalqların bölgələrin məskunlaşmasının qorunmasında xüsusi əhəmiyyəti var”- deyən İlqar Vəlizadənin sözlərinə görə, bu insanların müharibəyə göndərilməsi təkcə həmin xalqların gələcəyini deyil, həm də Rusiyanın geniş ərazilərinin demoqrafik vəziyyətini təhlükə altına qoya bilər. Çünki onların sayının azalması və ya ərazilərdən çəkilməsi nəticəsində böyük coğrafi məkanlarda əhali çatışmazlığı yarana bilər.

Politoloq hesab edir ki, həmin boşluğu başqa əhali qruplarının dolduracağı ilə bağlı yanaşmalar tam reallığı əks etdirmir.

Onun fikrincə, etnik ruslar və ya başqa bölgələrdə yaşayan əhali sərt iqlim şəraiti olan bu ərazilərdə yaşamağa o qədər də həvəs göstərmirlər.

“Müəyyən dairələrdə Rusiyanın hakimiyyət orqanlarının milli azlıqları daha çox müharibəyə cəlb etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta bəzi yanaşmalara görə, bu proses nəticəsində azsaylı xalqların sayı azalır və gələcəkdə onların yaşadığı ərazilərin başqa əhali qrupları tərəfindən məskunlaşdırılması mümkün ola bilər”-deyən politoloq bu yanaşmanın tam əsaslı olmadığını düşünür.

O vurğulayıb ki, sözügedən ərazilərə köçmək istəyənlərin sayı kifayət qədər azdır və buna görə də yerli xalqların azalması ərazilərin boş qalması riskini artırır.

İlqar Vəlizadənin qənaətinə görə, bu vəziyyət Rusiyada onsuz da mövcud olan demoqrafik problemləri daha da ağırlaşdıra bilər.

“Hazırda məsələ müxtəlif səviyyələrdə müzakirə olunur və görünür ki, bununla bağlı müəyyən qiymətləndirmələr aparılır. Hadisələr eyni istiqamətdə davam edərsə, Rusiya gələcəkdə həm demoqrafik, həm də iqtisadi xarakterli ciddi problemlərlə üzləşə bilər”-deyən politoloqun fikrincə, belə təzadlı siyasət ilk növbədə Rusiyanın öz maraqlarına zərbə vurur və uzunmüddətli perspektivdə daha ağır nəticələrə səbəb ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »